Akademik Musiqili Teatrda Ü.Hacıbəyli XI Festivalı çərçivəsində Macar bəstəkarı İmrə Kalmanın “Silva” əsəri təqdim ediləcək.


Tamaşada Silva rolunu Belarus Respublikasının Əməkdar artisti, Belorus Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç ifa edəcək.


Səhnə əsərində dəvət olunmuş aktrisa ilə yanaşı, teatrının rus bölməsinin aktyorları - Əməkdar artistlər - Boris Qrafkin, Svetlana Bulax, aktyorlar – Firus Məmmədov, Emil Heydərov, Rauf Babayev, Telnaz Hüseynova, Nicat Əli, Aydan Həsənova, Elməddin Dadaşov, Murad Əliyev və başqaları da iştirak edəcəklər.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri – Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Emin Həsənov, rejissor assistenti Sevinc Məmmədovadır.


Dünyaca məşhur olan bu əsərin süjet xəttini saf, təmiz sevgi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan böyük sevgi ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Və məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir.