Gənclər təşkilatlarının V Respublika sərgisi


13 noyabr 2018-ci tarixdə Bakı Kristal Zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi təşkilatçılığı ilə Gənclər təşkilatlarının V Respublika sərgisi keçiriləcəkdir. 
Sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.4-cü yarımbəndinin (Gənclər təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə sərgilərin təşkil edilməsi) icrası məqsədilə təşkil edilir. Sərgidə gənclər təşkilatları ilə yanaşı gənclər evləri də iştirak edəcəklər. 
Sərgi çərçivəsində müxtəlif mövzular üzrə gənclər üçün təlimlər və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub. 
Gənclər təşkilatlarının V Respublika sərgisində iştirakı – özlərini təqdim etmək, nailiyyət və imkanlarını nümayiş etdirmək, təcrübə mübadiləsi aparmaq və ictimai əlaqələri genişləndirmək üçün gözəl imkandır. Sərginin ziyarətçiləri öz şəxsi maraqları çərçivəsində müasir gənclərin həyatında yer alan yeni layihə və istiqamətlər haqqında məlumat toplaya biləcəklər. 
Sərginin təşkilatçıları ümid edirlər ki, bu tədbir yeni əlaqələrin qurulması və genişləndirilməsi üçün əlverişli şəraiti təmin edəcək və Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının gələcək inkişafına öz əhəmiyyətli töhfəsini verəcəkdir.

Sərginin rəsmi açılış mərasimi 13 noyabr, saat 10:00.


Ünvan:
Bakı Kristal Zalı
Səbail rayonu, Bayıl qəsbəsi, Dövlət Bayraq Meydanının arxa hissəsi 
Tel: 012 404 31 52