"HR BAKU" MMC və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə təşkilatçılığı ilə noyabrın 15-də “Boulevard Hotel Baku”da “HR Summit Baku 2019” beynəlxalq tədbiri baş tutacaq.

700 nəfərin istirak edəcəyi HR sammitdə beynəlxalq və yerli qurumların peşəkar mütəxəssisləri insan resurslarının idarəçiliyi üzrə ən yaxşı təcrübəni paylaşacaqlar.

Sammit zamanı spikerlər işçi sayının optimallaşdırılması, korporativ nüfuz, dəyişikliklərin idarə edilməsində və işçi məmnunluğunda HR-ın rolu, eləcə də digər aktual mövzular ətrafında geniş təqdimatlar edəcəklər.

Tədbirin qonaqları qismində beynəlxalq spiker, təşkilati mükəmməllik üzrə mütəxəssis Natella İsazadə (Kanada), MERCER-in Yaxın Şərq, Şimali Afrika və Türkiyə üzrə meneceri Nuno Qomes (Portuqaliya), “Hogan Assesment Systems”in icraçı direktoru Zsolt Feher (Macarıstan), “AudaCons HR & Legal Consulting”in icraçı direktoru Dr. Kristian Qollaş (Almaniya), SAP CIS-in HR direktoru Vera Solomatina (Rusiya), “Global headhunter”dən Metyu Lyuis və “Mental Azərbaycan” şirkətinin direktoru Uğur Karaboğa çıxış edəcəklər.

Qeyd edək ki, HR sammit insan resurslarının idarə edilməsi sahəsi üzrə Azərbaycanda ən böyük beynəlxalq tədbirlərdən olub, 2017-ci ildən yerli və xarici mütəxəssislərin iştirakı ilə hər il keçirilməkdədir.

Sammit haqqında ətraflı məlumat və iştirak şərtləri ilə www.hrsummit.az rəsmi səhifəsində tanış ola bilərsiniz.