Kalman Kandonun 150 illiyinə həsr olunmuş azərbaycanlı fotoqraf Aydın Sadıxovun “Kalman Kando 150. Macarıstan Dəmir Yolları” adlı maraqlı və unikal fotosərgisi.

Sərgi Macarıstanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü əsasında “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq çərçivəsində baş tutacaq. Burada Macarıstanın dəmir yollarının tarixi ilə tanış olub, onun xronoloji ikişafını müşahidə edə biləcəksiniz.

Dəmir yolu nəqliyyatı daim öz dövrünün ən innovativ texnologiyası sayılıb. Dəmir yollarının yaranması və inkişafı bir çox ölkələrdə istehsalın, elmin, iqtisadiyyatın inkişafına səbəb olub. Dəmir yolları insanların məsafə və vaxt haqqında təsəvvürünü dəyişərək, hətta nəticədə turizmin inkişafının əsas elementlərindən birinə çevrilib.
2019-cu il Macarıstanın dəmir yolları üçün ildönümü hesab edilir. Belə ki, 150 il bundan öncə məşhur macar mühəndisi, elektrik mühəndisliyi üzrə alim, elektrik yükünün dartı qüvvəsi üzrə pioner hesab edilən Kalman Kando Peşt şəhərində dünyaya gəlib. 1894-cü ildə Kalman Kando elektrik lokomotivi üçün yüksək gərginlikli üçfazalı mühərrik və dəyişən cərəyanlı generator ixtira edərək, “Elektrik qatarın atası” kimi məşhurlaşıb. Məşhur mühəndisin ixtiraları Macarıstan, İtaliya, Fransa, İngiltərə və bir çox ölkələrin dəmir yollarının elektrikləşməsində əvəzedilməz rol oynayıb. Onun ixtiraları hələ də aktuallığını saxlayır, çünki bütün müasir elektrik lokomotivlərinin iş prinsipi onun ixtira etdiyi sistem üzrə işləyir.
Macarıstanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü əsasında “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq çərçivəsində Bakı Dəmir Yolu Vağzalının binasında azərbaycanlı fotoqraf Aydın Sadıxovun “Kalman Kando 150. Macarıstan Dəmir Yolları” adlı fotosərgisi keçirilir. Sərgidə təqdim edilən fotoşəkillər Macarıstanın Dəmir Yollarının tarixi ilə tanış olmağa və onun xronoloji inkişafını müşahidə etməyə imkan yaradır.