Martın 7-də Azərbaycanda ilk dəfə olaraq "Heksameron" əsəri 6 ölkə pianoçularının birgə ifasında Heydər Əliyev Mərkəzində təqdim ediləcək. Konsert proqramında Azərbaycan, ABŞ, Almaniya, Çin, Rusiya və Yaponiyadan olan tanınmış pianoçular iştirak edəcəklər.

"Heksameron" fortepiano üçün birgə kompozisiyadır. O, italyan bəstəkarı Vinçentso Bellininin "Puritanlar" operasından "Puritan marşı" mövzusunda 6 variasiyadan ibarətdir. Mürəkkəb tərkib hissələrini özündə birləşdirən "Heksameron" əsəri dünyada nadir hallarda ifa olunur.

Heydər Əliyev Mərkəzində keçiriləcək konsert proqramında "Heksameron" əsərini Azərbaycandan Murad Hüseynov, ABŞ-dan Nikolas Rot, Almaniyadan Katarina Troytler, Çindən Yundi Xu, Rusiyadan Rustem Saytkulov və Yaponiyadan Atsuşi İmada 6 royalda ifa edəcəklər. Tanınmış pianoçuları konsertdə Fuad İbrahimovun dirijorluğu ilə simfonik orkestr müşayiət edəcək. Repertuara eyni zamanda pianoçuların solo və orkestrlə çıxışları da daxildir.