Mariinski Teatrı (Rusiya)

İki yüz ildən yuxarı tarixi olan Mariinski Teatrı dünyaya bir çox dahi artistlər bəxş edib. Burada görkəmli opera müğənnisi, Rusiya opera ifaçılığı məktəbinin banisi Osip Petrov çalışıb, Fyodor Şalyapin, İvan Yerşov, Medeya vəNikolay Fiqnerlər, Sofya Preobrajenskaya kimi korifey müğənnilər öz ustalıqlarını artırıb və şöhrətin ən yüksək zirvələrini fəth ediblər. Bu səhnədə Matilda Kşesinskaya, Anna Pavlova, Vatslav Nijinski, Qalina Ulanova, Rudolf Nureyev, Mixail Barışnikov kimi balet artistləri parlayıb. Corc Balançin öz sənət yoluna məhz buradan başlayıb. Bu teatr Konstantin Korovin, Aleksandr Qolovin, Aleksandr Benua, Simon Virsaladze, Fyodor Fyodorovski kimi dahi rəssam-dekoratorların və bir çox digər incəsənət xadimlərinin istedadının çiçəklənməsinə şahidlik edib.

 

1988-ci ildə teatrın baş dirijoru Valeri Gergiyev oldu. 1992-ci il yanvarın 16-sı isə teatra onun tarixi Mariinski adı qaytarıldı. 2006-cı ildə teatrın truppası və orkestrinin ixtiyarına Mariinski Teatrının bədii rəhbəri və direktoru Valeri Gergiyevin təşəbbüsü ilə tikilmiş, Pisarev küçəsi, 20-də yerləşən Konsert zalı təqdim olundu.

 

Kimsəsiz ada / L’isola disabitata

2018-ci ildə Mariinski Teatrının gənc opera müğənniləri akademiyasının bədii rəhbəri Larisa Abisalovna Gergiyevanın təşəbbüsü ilə Yozef Haydnın “Kimsəsiz ada” operası səhnəyə qoyuldu.

 

Cənub dənizində, kimsəsiz bir adada iki bacı yaşayır - Konstansiya və Silviya. On üç il əvvəl, Silviya hələ körpə olanda, Konstansiyanın əri Cernandonun müşayiəti ilə onlar Qərbi Hindistana dəniz səfərinə çıxırlar. Amma, tufan nəticəsində onlar kimsəsiz bir adada məskunlaşmağa məcbur olurlar. Bədbəxtlikdən, həmin vaxt bu adaya pirat gəmisi yan alır. Bacılar mağarada dincələrkən dəniz quldurları Cernandonu əsir götürür və özləri ilə aparırlar…

 

Y.Haydnın barokko üslublu operası, bu başıbəlalı adanı təmsil edən xalça-xəritə üzərində tamaşanı  oynayan akademiya məzunlarının iştirakı ilə səhnələşdirilib. Rejissorluq gənc Aleksey Smirnova həvalə edilib, tamaşanın özü isə Heydər Əliyev Fondu və Maestro Music Azərbaycan şirkətinin dəstəyi ilə ərsəyə gəlib. “Kimsəsiz ada” operasının dirijoru həmyerlimiz Cavad Tağı-zadədir. O, Mariinski Teatrının dirijor pultunun arxasına keçərək, bir neçə onilliklər sonra, maestro Niyazinin ənənələrini davam etdirir.

 

Bədii rəhbər: Larisa Gergiyeva

Dirijor: Cavad Tağı-zadə

Rejissor: Aleksey Smirnov

Janr: opera

Tarix: 10/11/2018, şənbə

Vaxt: 20:00

Məkan: Azərbaycan Dövlət Musiqili Teatrı

Dil: italyan

Müddət: 70 dəqiqə (antraktsız)

 

Yaş həddi: 6+