Türkdilli xalqların hər biri hesab edir ki, Molla Nəsrəddin onlara məxsusdur. Əslində isə Molla Nəsrəddin ümumilikdə türk dünyasının müdriklik, kamillik simvoludur. Bu əbədiyaşar obraz öz hazırcavablığı, hadisələrə yerində və operativ münasibəti, intəhasız, intellektual yumor hissi ilə bütün dövrlərin müasiridir. Molla Nəsrəddin yüz illərdir ki, bizimlə birgə addımlayır, bu gün də bizimlə eyni cəmiyyətdə yaşayır, ətrafda baş verənlərə reaksiya verir, çox müdrik münasibətini bildirir, öz heyrətamiz, sərrast yumoru ilə bizi valeh edir. Və ən əsası düşündürür, düşünməyə vadar edir. İlk baxışdan belə görünür ki, “Molla Nəsrəddinin beş arvadı” komediyasının çox sadə, adi süjet xətti var. Amma dərinliyinə varanda məlum olur ku, bu sadəliyin, adiliyin altında çox böyük mətləblər gizlənib.