Dekabrın 15-i, saat 15:00-da Sərdar Aminin "Su sərgisi" romanının təqdimat mərasimi keçiriləcək. Mərasim Azərbaycan Dillər Universitetinin (28 may korpusu) akt zalında baş tutacaq. Təqdimatda tanınmış ədəbi tənqidçilər və yazarlar roman haqqında fikirlərini bölüşəcək. 
"Su sərgisi" romanı ömrünə 1 ay qaldığını öyrənən gəncin son günlərini sərgiləyir. Ölüm qarşısında laqeydləşən gənc son ümid kimi türkçarəçi qocadan xəstəliyini gizləyir. Bu yalandan xəbər tutan müdrik isə gəncə artıq sağaldığını deyərək, yalana yalanla cavab verir. İki müqəddəs yalan bir həyatı xilas edəcəkmi?
Bəs təbiət - o, hər an insanla vəhdət deyilmi? 
Bunun üçün sıradan bir addım kənara çıxıb köks ötürmək yetərmiş...
Səma, ölüm, qadın, su... Sərdar Aminin romanı yer-göylə əlləşən gəncin bulanlıq mübarizəsindən bəhs edir.
Qeyd edək ki, "Su sərgisi" Sərdar Aminin sayca üçüncü kitabıdır. Müəllifin 2013-cü ildə "Qaratoyuq nəğməsi" romanı və 2015-ci ildə "Şeiraltı" şeirlər toplusu nəşr olunub.
Yeni romanın təqdimat mərasiminə giriş sərbəstdir.