“Toya bir gün qalmış” tamaşası, ötən əsrin 60-cı illərində yazılmasına baxmayaraq, müasir günümüzdə də kifayət qədər aktualdır. Və dünya teatrları bu mövzuya bu gün müraciət etdikləri halda, Azərbaycan teatrları hələ illər öncə dəfələrlə bu əsəri tamaşaya qoyub. Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan əsərin motivində bir ailənin vəzifə, pul, maddi rifah naminə ailə başçısının ölüsündən belə öz mənfur məqsədləri üçün istifadə etmələri dayanır. Belə ki, tamaşada oğlunun toyuna bir gün qalmış vəzifəli şəxs dünyasını dəyişir. Onun həyat yoldaşı isə bunu hamıdan gizlətməyi qərara alır. Düşünür ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir. Və qəfildən "ölü" ayılır...Və... Əsl həngamə də məhz bundan sonra başlayır... Bəlli olur ki, o, əslində, ölməyib, kliniki ölüm keçirib. Baş verənləri bildikdən sonra dəhşətə gəlir və heç kimin gözləmədiyi qəribə bir qərar verir. Sonda bütün qara oyunlar gün işığına çıxır və qəhrəmanın dilindən tamaşaçıya belə bir mesaj verilir: “Mən doğru həyat yaşayırammı?”