Ə.Bədəlbəylinin "Qız qalası" baleti milli Azərbaycan baletinin ilk nümunəsidir. Baletin ilk tamaşası 16 aprel 1940-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində baş tutmuşdur. Həmin vaxtdan "Qız qalası" Teatrın repertuarında möhkəm yer tutmuşdur. Balet iki dəfə Moskvada, habelə başqa şəhərlərdə, 2000-ci ildə isə Türkiyənin Antalya şəhərində göstərilmişdir. Xalq rəqsi ilə klassik musiqinin üzvi sintezini həyata keçirən bəstəkar bu əsəri ilə milli xoreoqrafiyanın əsasını qoymuşdur. Ə.Bədəlbəyli "Qız qalası" baletini ilk azərbaycanlı balet ustası, SSRİ Xalq Artisti Qəmər Almaszadəyə həsr etmişdir. Q.Almaszadə tamaşanın quruluşçu baletmeysteri və baş rolun – Gülyanaq rolunun ifaçısı olmuşdur. "Qız qalası" sonuncu dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində 1999-cu ildə yeni redaksiyada – Y.Əlikişizadənin redaksiyasında səhnəyə qoyulmuşdur. Hazırda Teatrın repertuarındadır.