Musiqili Teatrın dördaylıq repertuar planı təsdiqlənib

Musiqili Teatrın dördaylıq repertuar planı təsdiqlənib

Teatr mövsümünün açılışını “Arşın mal alan”la edəcək.

Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu mövsümün ilk dörd ayı üçün nəzərdə tutulan repertuar planını açıqlayıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, teatrın bədii şurası 2018-ci ilin sonuna qədər olan müddət üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrda təqribən 30 tamaşanın 60 dəfəyə yaxın nümayiş etdirilməsi nəzərdə tutulur.

Yeni teatr mövsümünün açılışı sentyabrın 22-də dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz sənət əsəri - “Arşın mal alan”la başlayacaq.

Qarşıdakı dörd ay ərzində teatr sevimli tamaşaçıları, Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Boris Qrafkin, Çingiz Əhmədov, Əzizağa Əzizov, Ələkbər Əliyev, Almaz Ələsgərli, Nahidə Orucova, Əkbər Əlizadə, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Svetlana Bulax, Anton Ferştandt, aktyorlar Gülcahan Salamova, Nadir Xasıyev, eləcə də kiçik yaşlı aktyorlar Atilla Məmmədov, Rahib Məmmədzadə, Hüseyn Nağıyev və başqalarının iştirakı ilə “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Nuri-didə Ceyhun”, “Mənim günahım” , “Mən dəyərəm min cavana”, “Bankir adaxlı”, “Qızıl toy”, “Baladadaşın toy hamamı” , “Molla Nəsrəddinin beş arvadı”, “Toya bir gün qalmış” , “Qodonun intizarında”, “999-cu gecə”, “Hacı Qara”, “Amerikalı kürəkən”, "Kimdir müqəssir?” , “Talelər qovuşanda” və digər tamaşaları izləyə biləcəklər. Habelə rusdilli tamaşaçılar üçün “Silva” , “Qafqazlı qardaşqızı” , “Qızıl Cücə” tamaşaları nümayiş olunacaq.

Teatr kollektivi həmişə olduğu kimi, balaca teatrsevərləri də diqqətdə saxlayır və onların zövqlərini oxşayan “Bremen musiqiçiləri və Pen”, “Meşə çaqqalsız olmaz”, “Qırmızı papaq”, “Dəcəl çəpişlər”, “Yatmış gözəl və cırtdanlar” habelə rus dillində “Qızıl cücə”, “Düyməcik”, “Qoğalın macəraları” və başqa tamaşaları nümayiş etdirəcək.

Qeyd edək ki, yaxın günlərdə teatrın rus truppasının aktyorlarının hazırladığı “Bir dəfə Bağdadda” tamaşasının premyerası nəzərdə tutulur.

Bundan başqa, dörd ay ərzində Musiqili Teatrda bir çox beynəlxalq layihələrin həyata keçirilməsi və tamaşaçı auditoriyası ilə “dəyirmi masa” ətrafında söhbətlər, görüşlər, sənət ustalarının yubiley və anım günlərinin keçirilməsi də plana salınıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər