Bakıda bağ evində qalmaqal

Massimo Alberti: "Hələ başımıza belə iş gəlməmişdi"

Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun iqamətgahının ərazisində yaşıllaşdırma-landşaft işləri üçün 12 milyon avroluq sifariş alan, amma sonda biznesmenlə məhkəmə çəkişməsinə girən İtaliya şirkəti “Paghera” (Paghera Green Service Societa Agricola S.R.L.) sifarişçinin dələduzluq və mənimsəmə barədə iddialarını rədd edir. 

Bakucity.az xəbər verir ki, bu barədə Haqqin.az məlumat yayıb. 

Şirkət bildirir ki, indiyə qədər dünyanın onlarla ölkəsində sifarişlər yerinə yetirib və öz sahəsində ciddi nüfuz, etibar qazanıb. Və heç vaxt bu cür ittihamlarla qarşılaşmayıb, belə qalmaqalla üzləşməyib.

Şirkətin maraqlarını müdafiə edən vəkil Kamandar Nəsibov qalmaqalla bağlı dərc edilən araşdırmalardakı bir sıra məqamlarla bağlı fikirlərini bildirib. Vəkil F.Əhmədovun qanuni nümayəndəsinin Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərlərinə göndərdiyi şikayət ərizəsində irəli sürülən ittihamları “xarici biznesmeni qorxutmaq cəhdi” adlandırıb.

“Şikayətçi KİV-ə təqdim etdiyi ərizəsində italiyalı iş adamları Massimo Albertinin və Gianfranco Pagheranın ünvanına ağır ittihamlar irəli sürüb, onlara qarşı “dələduzluq, mənimsəmə” kimi iddialar səsləndirib, xarici iş adamlarını Cinayət Məcəlləsinin konkret maddələri ilə ittiham edib.

Əvvəla, şəxsin və ya şəxslərin hərəkətlərinin CM-in hansı maddələri ilə tövsif edilməsini müəyyən etmək vətəndaşın yox, hüquq-mühafizə orqanlarının işidir. İndiki halda isə şikayətçi bəribaşdan şəxsin hərəkətinə konkret hüquqi qiymət vermək istəyir. Mən bunu xarici iş adamlarını qorxutmaq, onlara psixoloji təzyiq göstərmək cəhdi sayıram”, - Kamandar Nəsibov bildirib.

Vəkil deyir ki, belə “təhdidlər” birinci dəfə deyil. 2017-ci ilin noyabr ayından başlayaraq, sifarişçi qismində çıxış edən “Baku Caspian Real Estate Limited” şirkəti “Paghera” şirkətinin rəhbərinə sifarişin yerinə yetirilməsi zamanı meydana çıxan nöqsanların aradan qaldırılması tələbi ilə dörd dəfə irad məktubu göndərib.

“Və hər dəfə də xəbərdarlıq edib ki, siz CM-nin konkret maddələri ilə ittiham oluna bilərsiniz, barənizdə bu maddələr üzrə 15 ilə qədər həbs cəzası verilə bilər. Bu, Azərbaycan qanunlarına bələd olmayan xarici biznesmenlərə psixoloji təzyiq göstərməkdir, mən belə qiymətləndirirəm.

Biznesdə tərəfdaşlar arasında hansısa iradlar meydana çıxarsa, narazı tərəf əvvəlcə irad məktubu göndərir, iradlar həllini tapmırsa, müqaviləni pozur və məhkəməyə mülki iddia qaldırır. Yəni kommersiya mübahisələrində dərhal tərəfdaşına cinayət işi qaldırmaq tələbi irəli sürmək praktikası yoxdur.

Burada isə sifarişçi dörd dəfə irad məktubu təqdim edir və üstəlik, icraçını irəli sürülən iradların aradan qaldırılması üçün əraziyə buraxmır. O zaman icraçı nöqsanları necə aradan qaldıra bilərdi?” - vəkil sual edir.

K.Nəsibov deyir ki, tərəflərin imzaladıqları əsas müqavilə üzrə işlərin yerinə yetirilməsinə dair sifarişçinin heç bir narazılığı, iradı olmayıb. Narazılıqlar əsas müqaviləyə əlavə edilən və daha altı milyon avroluq işlərin görülməsini nəzərdə tutan “Razılaşdırılmış büdcə”nin icrasında yaranıb.

Bununla yanaşı, icraçı iş prosesində hansısa nöqsanların olduğunu inkar etmir, lakin sifarişçi bu nöqsanları aradan qaldırmağa şərait yaratmaq əvəzinə, italyanları qovub, onlara çatacaq vəsaitin bir hissəsini ödəməkdən imtina edib.

Bəs bu, necə ola bilər ki, tərəflər 2018-ci ilin avqust ayında yarımçıq qalmış işlər və keyfiyyətsiz görülmüş işlər barədə çoxsaylı iradların yer aldığı yekun Aktı hazırlayıblar. Həmin Aktın altında “Paghera” şirkətinin rəhbərinin də imzası yer alır. Vəkil deyir ki, onun müdafiə etdiyi şəxs bu sənədi “məzmununu bilmədən imzalayıb”.

“Bəli, burası doğrudur ki, tərəflər görülən işlərin nəticələrinə və meydana çıxan nöqsanlara dair birgə Akt tərtib edib, imzalayıblar. Amma mənim müdafiə etdiyim şəxslər - italiyalı biznesmenlər bildirir ki, Akt onların başa düşmədiyi dildə tərtib edildiyindən orada nələrin yazıldığı barədə tam məlumatlı olmayıblar. Biz bu məsələyə hüquqi qiymət verilməsinə çalışacağıq”, - K.Nəsibov bildirib.

Haqqin.az “Paghera Green Service Societa Agricola S.R.L.” şirkətinin icraçı direktoru Massimo Alberti ilə də əlaqə yarada bilib. İtaliyalı biznesmen bildirib ki, sifarişçinin onun və şirkətin barəsində irəli sürdüyü ittihamların əksəriyyəti haqsızdır, düzgün deyil.

“Bizi keyfiyyətsiz iş görməkdə itiham edirlər. Bu, düzgün deyil, çünki bütün işlər yüksək keyfiyyətlə yerinə yetirilib. Zəmanətlə əhatə olunan və yenidən görülməli olan yeganə iş gəzinti yollarıdır. Çünki bu işi subpodratçı qismində görən yerli şirkət sement qarışığını düzgün etməyib. Amma söhbət həcmcə böyük olmayan işdən və nisbətən kiçik, hətta cüzi məbləğdən gedir - təxminən 300-400 min avrodan”, - Massimo Alberti bildirib.

Ucuz materiallardan istifadə olunması barədə sifarişçinin ittihamları haqda danışan M.Alberti deyib ki, söhbət elektrik kabelindən gedir. Əslində, Azərbaycanda istehsal edilən bu kabel elə də ucuz deyil, keyfiyyətcə isə hətta müqavilə ilə alınmalı olan “İtaliya istehsalı kabeldən də keyfiyyətlidir”. Üstəlik həmin kabeldən istifadə sifarişçi ilə şifahi razılaşdırılıb.

“Biz bu kabeli ixtisaslaşmış yerli şirkətdən sifariş vermişik. Şirkət kabelə 25 il zəmanət verib. Hesab edirəm ki, material haqda təkcə Azərbaycanda istehsal edildiyi üçün keyfiyyətsiz demək sizin ölkəniz üçün təhqir və böhtandır. Mən əmin oldum ki, Azərbaycanda yüksək keyfiyyətli məhsul istehsal edirlər”, - Massimo Alberti bildirib.

İtaliyalı biznesmen işlərin ləngidilməsinə və müqavilədə göstərilən müddətdə başa çatdırılmadığına dair iradları da “haqsız” sayır. Deyir ki, işlərin ləngiməsinin səbəbi, əslində, sifarişçi tərəf idi. Çünki ərazidə landşaft işləri ilə paralel olaraq iqamətgahda interyer və fasad işləri də görülürdü.

“Məsələn, biz mərmər döşəməli idik, amma həmin sahədə istilik xətləri çəkilib qurtarmadığı üçün gözləməli olduq. Onlar hətta qazon işlərini ləngitdilər ki, yük vasitələri hərəkət edəndə korlanmasın. Ümumiyyətlə, cənab Əhmədov tez-tez fikrini dəyişirdi və vaxtaşırı olaraq işləri dondururdu, çünki ona yenidən fikirləşmək lazım gəlirdi”, - Massimo Alberti belə deyib.

Akt məsələsinə gəldikdə, biznesmen bildirir ki, sifarişçi tərəf bu sənədi hazırlamaq üçün onu 15 gün Bakıda saxlayıb. 

“Onlar məcbur etdilər ki, mənə tanış olmayan dildə tərtib olunan Aktı rəsmi tərcüməçi olmadan imzalayım. Mən rus dilində bilmirəm, Akt isə rus dilində tərtib edilmişdi. Hansı ki, müqavilə özü ingilis dilindədir və ona aid sənədlər də bu dildə olmalı idi. Aldadılmışam və vəkilim vasitəsilə buna müvafiq qiymət verilməsinə çalışacağam. Biz 150 illik iş təcrübəsinə malik şirkətik, 55 ölkədə işləmişik. Amma belə qalmaqalla üzləşməmişik, heç vaxt başımıza bu cür iş gəlməyib”, - Alberti bildirir.

“Paghera” şirkətinin icraçı direktoru qeyd edib ki, müqaviləyə əsasən, onlar 91 minə yaxın bitki gətirməli idilər, amma 114 mindən yuxarı gətiriblər. Bu bitkilərin 21.5 mini quruyub və istənilən halda salamat bitkilərin sayı müqavilədə göstərilən rəqəmdən yuxarıdır. 

“Palmalara gəldikdə, bizim əkdiyimiz 200 palmadan cəmi 7-8-i qurumuşdu. İndi isə bizi obyektdən çıxarıblar və orada bizdən sonra məhv olan bitkilərə görə cavabdeh ola bilmərik”, - biznesmen deyib.

Massimo Alberti bildirib ki, “Paghera” bazarda uzun illərdir iştirak edən ciddi şirkətdir. Və heç vaxt onların işindən şikayət olmayıb. 

“Biz hamıya aydın bildirmişik ki, səhvlərimizi düzəldəcəyik. Yeganə səhvimiz gəzinti yolları ilə bağlı olub. Qalan bütün ittihamları rədd edirik”, - italiyalı biznesmen əlavə edib.

Albertinin bildirdiyinə görə, “Əhmədovun adamları” Bakıda onun adamına (söhbət “Paghera Azərbaycan” MMC-nin icraçı direktoru Sahib Haqverdiyevdən gedir - red.) 50 min dollar təklif ediblər ki, məhkəmədə sifarişçinin xeyrinə ifadə versin. Həmin adam isə razılaşmayıb.

Qeyd edək ki, “Paghera” yaşıllaşdırma və landşaft işlərində dünyanın nüfuzlu şirkətlərindən biri hesab edilir. Fəaliyyəti ərzində çoxsaylı iri və mühüm layihələr həyata keçirib. Həm fərdi müştərilərdən, həm iri şirkətlərdən sifarişlər alıb.

“Rixos” hotellər şəbəkəsinin dünya üzrə bütün hotellərinin yaşıllaşdırma və landşaft işlərini həyata keçirib. O cümlədən, Rusiyanın Kazan şəhərində keçirilən Universiadaya hazırlıq çərçivəsində landşaft və yaşıllaşdırma işləri görüb.

“Paghera” tərəfindən “mühüm siyasi xadimlərin, kralların, dövlət və hökumət başçılarının” bir çox layihələri nəzərdən  keçirilir. Bu potensial müştərilərin hamısının anonimliyi ciddi qorunur. Şirkət 2014-cü illərin əvvəllərində Azərbaycanda, Türkiyədə, İraq Kürdüstanında və Səudiyyə Ərəbistanında ofislər açıb.

Haqqin.az şirkətlə azərbaycan əsilli rusiyalı milyarder arasında Bakıda baş vermiş qalmaqalla bağlı araşdırmaları davam etdirir və yeni nüanslar üzə çıxdıqca mövzuya qayıdacaq.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
“Yaşıl Qala” devizi altında ağacəkmə aksiyası keçirilib. Bakucity.az xəbər verir ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq İdarəsi “İçərişəhər” Muzey Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən aksiyada Qoruq İdarəsinin əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Qala kəndi ağsaqqalları, ziyalılar və məktəblilər...
Biznes
"Pegasus" aviaşirkəti İzmirdən Bakıya uçuşlara başlayacaq. Bakucity.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib ki, uçuşlar cari ilin yay ayından nəzərdə tutulub.  Nazir, həmçinin aprelin 22-də "Türk Hava Yolları"nın Ankara-Bakı aviareysini həyata keçirəcəyini də xatırladıb. Bildirib ki, keçən il iki ölkə arasında 7 min 919 aviareys həyata keçirilib və 972 min 533 sərnişin səfər edib. Azərbaycan və Türkiyə a...
Hakimiyyət
Səbail rayonunda yollar yenidən qurulacaq. Prezident İlham Əliyev "Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Bakucity.az xəbər verir ki, Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,45 mi...
Kriminal
Bakıda polis birgə əməliyyat keçirib. Bakucity.az  xəbər verir ki, Xətai Rayuon Polis İdarəsinin 34-cü Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini N.Vəliyevdən pnevmatik tapança götürülüb. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
İdman
"Bakcell" şirkəti "Formula 1"-ə sponsorluq edəcək. "Bakcell" şirkəti "Formula 1" üzrə Azərbaycan Qran Prisinin rəsmi dəstəkçisi olacaq. Bakucity.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə "Bakcell" şirkəti arasında müqavilə imzalanıb.  Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib ki, sözügedən müqavilənin müddəti 3 ildir. (Report.az) Bakucity.az
Ekologiya
Bakının içməli suyu ilə bağlı ekspertlərin maraqlı fikirləri var Su əsas həyat mənbəyidir. Biz sutka ərzində nə qədər sərf edildiyini düşünmədən xörək hazırlayanda, içəndə, texniki məqsədlər üçün sudan istifadə edirik. Yaxın gələcəkdə su resurslarının xeyli tükənəcyi haqqında informasiyalar yayılır.  Bakucity.az bu problemin paytaxt Bakı üçün təhlükə yaratması, yerli içməli suyun dünya standartlarına uyğun gəlməsi haqqında araşdırma aparıb.  Paytaxta veril...
Cəmiyyət
Bu barədə Birlikdən məlumat verilib Bakucity.az xəbər verir ki, “Teleradio” İstehsalat Birliyi Bakı-Quba radiorele xəttinin yenidən qurulması üzrə işləri tamamlanıb. Yenidənqurma işləri bu bölgədə rəqəmli ehtiyat televiziya şəbəkəsinin yaradılmasının bir hissəsi olaraq həyata keçirilib ki, bu da əyər hər hansı gözlənilməz hal baş verərsə televiziya proqramlarının fasiləsiz yayımı təmin edəcək. “Növbəti mərhələdə Bakı-Zaqatala radiorele xəttinin yenidən qur...
Kriminal
Bakıda aptekdən oğurluq edən şəxslər yaxalanıb Bakucity.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən aptekdən oğurluq edilib.  Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxs aptekdə olan seyfləri qıraraq, oradakı külli miqdarda pulu aparıb.  Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən şəxsl...
Kriminal
Bakıda qadına qarşı külli miqdarda dələduzluq edilib Bakucity.az xəbər verir ki, paytaxt sakini İlhamə Həsənova Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Fərid adlı şəxsin onun etibarından sui-istifadə edərək 240 min ABŞ dollarını mənimsədiyini bildirib. Həmin şikayət əsasında Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (ONA) Bakucity.az