Bakı-Moskva dialoqunun yeni cəhətləri

Bakı-Moskva dialoqunun yeni cəhətləri

Bakı-Moskva dialoqunun yeni cəhətləri: Regionlararası forumun yekunları

Bu gün Rusiya və Azərbaycan regionları arasında ticari-iqtisadi və humanitar əlaqələrin inkişafı ikitərəfli münasibətlərə xeyli rəngarənglik və konkretlik gətirir. Artıq doqquzuncu dəfədir ki, iki ölkə regionlararası forumlar keçirir, həmin görüşlərdə əməkdaşlığın perspektivləri müzakirə olunmaqla yanaşı, ikitərəfli əlaqələri irəlilətməyə imkan verən konkret qərarlar qəbul edilir.

Sentyabrın 28-də “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində keçirilmiş mətbuat konfransının iştirakçıları ikitərəfli biznes əlaqələrinin və humanitar sahədə əməkdaşlığın perspektivlərindən söhbət açıblar.

Bakucity.az xəbər verir ki, mətbuat konfransında çıxış edən politoloq İlqar Vəlizadə Azərbaycan-Rusiya münasibətlərini həm Cənubi Qafqazda, həm də onunla həmhüdud regionlarda, o cümlədən Xəzər bölgəsində siyasi proseslərin gedişinə təsir edən mühüm amil kimi səciyyələndirib. O bildirib ki, perspektivli müştərək layihələrin və üçüncü ölkələrin də qoşulduğu layihələrin həyata keçirilməsi iki ölkənin daha da yaxınlaşmasına kömək edə bilər.

Azərbaycanın hazırda Rusiya Federasiyasının 80-ə yaxın subyekti ilə əməkdaşlıq əlaqələri olduğunu vurğulayan İlqar Vəlizadə qeyd edib ki, doqquzuncu regionlararası forumdan sonra Rusiya-Azərbaycan əməkdaşlığı daha da dərinləşəcək.

Rusiyalı politoloq Anton Bredixin vurğulayıb ki, Qafqaz öz qonaqpərvərliyi ilə məşhurdur. Burada müxtəlif millətlərin nümayəndələri sülh şəraitində yaşayır. Bizim münasibətlərimiz strateji xarakter daşıyır. Dağıstanda 135 mindən çox azərbaycanlı, Azərbaycanın şimalında isə çoxlu avar, ləzgi, udin və digər millətlərin nümayəndələri yaşayır. Bu diyarda etnosların əlaqələri daha da möhkəmlənir. Biz qafqazlılara xas olan bu cəhətlərdən ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün istifadə edə bilərik. Forumda iştirak edən böyük nümayəndə heyətlərindən biri Dağıstanı təmsil edirdi.

Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Postsovet araşdırmaları mərkəzinin böyük elmi işçisi Andrey Devyatkov dedi ki, müvafiq sənədlərdə təsbit olunmuş Rusiya-Azərbaycan münasibətləri strateji xarakter daşıyır. Xəzərə dair Konvensiyanın imzalanması Xəzəryanı ölkələrin cəlbediciliyini daha da artırır.

Puşkin İnstitutunun Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrasının dosenti Tatyana Kudayarova humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi mövzusunda “dəyirmi masa”da aparılmış müzakirələrin yekunları, ikitərəfli əlaqələrin inkişafına kömək edən xalq diplomatiyası və “Rus dili” proqramı barədə söhbət açıb. O deyib: “Azərbaycanda rus dilini bilirlər, bu dili sevirlər, ona hörmət edirlər. Biz də məsələn, Mikayıl Müşfiqin şeirlərini, Azərbaycan rəqslərini, sizin mahnıları, milli naxışları öyrənirik”.

A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunun rus dili səfirləri Ayqul Şamsutdinova və Olesya Şkreba Azərbaycan haqqında təəssüratlarını bölüşüblər.

Bakıya ikinci dəfə gəldiyini qeyd edən Ayqul Şamsutdinova deyib: “Keçən il Azərbaycana ekspedisiya ilə gəlmişdik. Biz burada həm rus, həm də Azərbaycan bölməsində rus dili dərsləri keçdik. Bu müddətdə xeyli dost qazandıq. Biz müxtəlif dillərdə danışsaq da, ümumi dəyərlərimiz var”.

Olesya Şkreba Azərbaycana ilk dəfə gəlib. “Ekspedisiyalardan sonra Azərbaycandan olan dostlarımızla ünsiyyətimiz davam edir. Bizim dəyərlərimiz eynidir: öz identikliyimizi qoruyub saxlamaqla başqa aləmlərə inteqrasiya etmək”, - deyən O.Şkreba konfrans iştirakçılarına Azərbaycan dilində təşəkkür edib.

Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) Qlobal problemlər mərkəzinin böyük elmi işçisi Aleksey Tokarev forumun yekunları barədə təəssüratını bölüşüb. O deyib: “Forumun kuluarlarında pozitiv danışıqlar keçirildi. Azərbaycanda 341 məktəbdə tədris rus dilində aparılır. İstərdik ki, belə məktəblərin sayı daha çox olsun. Biz əlaqələrimizi möhkəmlətməyə qarşılıqlı kömək etməliyik. Rusiya-Azərbaycan münasibətlərini coğrafiya, irs və iqtisadiyyat səciyyələndirir”.

Mətbuat konfransında qeyd edildi ki, Rusiya Azərbaycanın tranzit potensialının inkişaf etdirilməsində və energetika sahəsinə sərmayə qoyulmasında maraqlıdır. Regionda vəziyyətin qeyri-sabit olmasını nəzərə alsaq, burada daimi dialoqa ehtiyac var.

Sonda mətbuat konfransının iştirakçıları jurnalistlərin suallarına cavab veriblər.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər