“Yaradanlar və yaşadanlar” adlı layihənin növbəti konserti keçirilib

“Yaradanlar və yaşadanlar” adlı layihənin növbəti konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” adlı layihənin növbəti konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyasının “Yaradanlar və yaşadanlar” adlı verilişinin növbəti konserti məşhur xanəndə Səxavət Məmmədovun həyat və yaradıcılığına həsr edilib.

Beynəlxalq Muğam Mərkəzindən Bakucity.az-a verilən məlumata görə, konsert Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində reallaşıb.

Gecədə əməkdar artistlər Zakir Əliyev “Sarı bülbül” xalq mahnısını, Fehruz Səxavət ”Azad bir quşdum”, Ehtiram Hüseynov “Ay çiçək”, Azərbaycan Televiziyası və Radiosunun solistləri Kamilə Nəbiyeva “Külək”, Səbinə Ərəbli “Yar gəldi”, xanəndə Malik Həsənov ”Sev məni” mahnılarını ifa ediblər.

İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə “Səadət” instrumental ansamblı müşayiət edib.

Həmçinin konsertin son nömrələrindən biri olan “Bülbül” mahnısı Xalq artisti Gülyanaq Məmmədova, əməkdar artistlər Fehruz Səxavət, Ehtiram Hüseynov və gənc xanəndə Səbinə Ərəblinin ifasında tamaşaçılara təqdim olunub.

Konsertin aparıcısı Əməkdar artist Rəşad İlyasov, Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölgəsinin katibi, filologiya elmləri doktoru Ənvər Əhməd, tarzən, Xalq artisti Möhlət Müslümov Səxavət Məmmədov yaradıcılığından danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.

Konsert maraqla və alqışlarla qarşılanıb.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər