Metroda ilk dəfə: Qadın maşinist olacaq

Metroda ilk dəfə: Qadın maşinist olacaq

Bakı metropolitenində maşinist peşəsi üzrə namizədlərin seçimi başa çatıb

Bakucity.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Bakı Metropoliteninin hərəkət qatarlarının maşinisti peşəsi üzrə iyul ayının 16-da elan etdiyi namizədlərin seçim prosesi başa çatıb. Seçim mərhələlərinə qatılmaq üçün metropolitenini rəsmi intrenet saytına 500-dən artıq müraciət daxil olub. Onlardan 339-u əvvəlcədən elan edilmiş əsas tələblərin şərtlərinə uyğun gəlməyib.

Seçim mərhələlərin ümumi yekununa əsasən, maşinist peşəsi üzrə təlim prosesində 17 iddiaçı iştirak edəcək. Onlardan biri qadındır.

Onu da xüsusi qeyd etmək lazımdır ki, "Bakı Metropoliteni" QSC gender bərabərliyi prinsipini əsas götürərək paytaxt metropoliteni tarixində ilk dəfə qadınların bu peşəyə yiyələnməsinə imkan yaradıb. Müraciət edən qadınların sayı 10-dan artıq olsa da, müsahibə mərhələsində onlardan yalnız 3-ü iştirak etmək istəyib. Bütün mərhələləri yalnız bir qadın uğurla keçərək, təlim-tədris prosesinə qatılıb.

Dünya təcrübəsinin örnəkləri əsasında təşkil edilən təlim-tədris prosesi 5-6 ay müddətinə nəzərdə tutulub. Peşə üzrə hazırlıq prosesinin iştirakçıları hər iş günü ərzində müxtəlif nəzəri, praktik təlimlərdə iştirak edərək, həm metropoliten infrastruktunu öyrənəcək, qatarların idarə edilməsi, vəzifə və texniki istismar təlimatlarının mənimsənilməsi, təmir prosesinin əsas müddəaları və maşinist peşəsi üçün vacib olan digər vacib tədris proqramını əhatə edən kurslarda iştirak edəcək. Təlimlərin hər mərhələsində imtahanlar təşkil ediləcək və müvafiq hazırlıq səviyyəsinin tələblərinə cavab verənlər növbəti mərhələyə keçəcəklər.

Onu da əlavə edək ki, tədris prosesinin iştirakçılarına "Bakı Metropoliteni" QSC-nin təqaüdü veriləcək.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər