Bakının özəl məktəblərində təhsil neçəyə başa gəlir? – QİYMƏTLƏR

Bakının özəl məktəblərində təhsil neçəyə başa gəlir? – QİYMƏTLƏR

Uşağı özəl məktəbə yazdırmağa dəyərmi?

Azərbaycanda özəl məktəblər əsasən xarici dil, humanitar, dəqiq elmlər və texnologiya sahəsi üzrə təhsil verirlər. Özəl məktəblərin əsas üstünlüyü daha keyfiyyətli təhsil vermələri, şagirdləri universitetə gedən yolda vacib biliklərlə təmin edə bilmələridir. Elə valideyn tapılmaz ki, övladının yüksək keyfiyyətli təhsil verən özəl məktəbdə təhsil almasını istəməsin. Amma bu qəbildən olan məktəblərdə qiymətlər də bir qayda olaraq yüksək olur.

Bakucity.az saytı özəl məktəblərdə təhsilin qiyməti, ödənilən məbləğin özünü doğruldub-doğrultmaması kimi məsələləri araşdırıb. Məqaləni oxucularımıza təqdim edirik. 

Bakının özəl məktəblərində təhsil neçəyə başa gəlir? – QİYMƏTLƏR, fotoşəkil-1

“Uşağı məktəbə qeydiyyata salmazdan əvvəl, valideynlər son nəticədə nə əldə etmək istədiklərini bilməlidirlər. Əgər ingilisdilli məktəb seçilirsə, təhsilin daha sonra xarici ölkələrin ali məktəblərinin birində davam etməli olduğunu nəzərə almaq lazımdır”, - bu sözləri saytımıza açıqlamasında “British School in Baku” təhsil müəssisəsinin nümayəndəsi deyib. Onun sözlərinə görə, əgər valideynlər hansısa bir ixtisasa üstünlük verirlərsə, xüsusi təmayüllü məktəbi seçmək daha məqbuldur. 

Məktəb nümayəndəsinin sözlərinə görə, özəl məktəb seçərkən, ilk növbədə onun Azərbaycan Təhsil Nazirliyinin lisenziyasına malik olub-olmadığını bilmək vacibdir. Nazirliyin icazəsi olmadan məktəb leqal fəaliyyət göstərə bilməz. 

“Əgər məktəb İngiltərənin və ya başqa bir ölkənin proqramı üzrə təhsil verirsə, mütləq həmin ölkənin bu təhsil ocağının fəaliyyətini tanıması barədə müvafiq sənəd olmalıdır. Məktəb hansısa beynəlxalq təşkilatın üzvü ola, ölkənin Təhsil Nazirliyi və ya müəyyən departamenti tərəfindən tanına bilər”, - məktəbin əməkdaşı qeyd edib və bunu da vurğulayıb ki, özəl məktəblərin üstünlüklərindən biri sinifdə şagirdlərin sayının az olması, fərdi yanaşmanın təmin edilməsidir.

Özəl məktəblərə üstünlük qazandıran ikinci amil onların elitar olmalarıdır. Bu tip məktəblərdə qabaqcıl texnologiyalardan istifadə olunur. Bundan başqa, belə təhsil müəssilərində idman, rəqs, incəsənət, robot-texnikası kimi maraqlı və faydalı dərnəklər fəaliyyət göstərir.

Xarici təlim proqramına malik məktəblərdə adətən çoxmillətli siniflər olur. Beləliklə, uşaqlar kiçik yaşlarından  etibarən müxtəlif dillərin daşıyıcıları olan həmyaşıdları ilə ünsiyyətdə olur, müxtəlif ölkələrin nümayəndələrini görür və bir-birlərindən maraqlı şeylər öyrənirlər.

Bakucity.az oxucularına paytaxtımızda fəaliyyət göstərən bəzi özəl məktəblərin fəaliyyəti barədə kiçik xülasəni təqdim edir:

“British School in Baku”təhsil müəssisəsinin əsas üstünlüyü odur ki, o, “ISE”, “Edexcel COBIS” (“COUNCIL of British International Schools”), həmçinin “IGCSE” and “A Level” kimi təşkilatların akkreditə olunmuş üzvüdür. Buranın məzunları imtahanların nəticələrinə görə xarici ali məktəblərə daxil olurlar.

Bunu da oxu: Bakıda iş yerlərində ən çox tələb olunan mütəxəssislər – Top 10

Bu təhsil ocağı Azərbaycanda Böyük Britaniya Təhsil Departamenti tərəfindən tanınan yeganə məktəbdir və departamentin nümayəndələri burada vaxtaşırı yoxlama keçirirlər. Bu təhsil ocağının başında yüksək ixtisaslı xarici mütəxəssislər dayanır. Məktəb həmçinin beynəlxalq nümayəndələrdən ibarət Himayəçilər Şurası tərəfindən idarə olunur.

Bakının özəl məktəblərində təhsil neçəyə başa gəlir? – QİYMƏTLƏR, fotoşəkil-2

Özəl məktəblərdə xarici dillər bir qayda olaraq dərindən öyrədilir. “Evrika” liseyində rus, ingilis, fransız və alman dili kimi bir neçə xarici dil tədris olunur. Adətən belə  məktəblərdə yerli şagirdlərdən əlavə, xaricilər də təhsil alır. Bu, şagirdlərə yerli dilin daşıyıcıları ilə ünsiyyətdə olmaq və başqa ölkənin mədəniyyətini daha yaxşı əxz etmək imkanı verir. 

“European Azerbaijan School” sərfəli qiymətlərlə öz şagirdləri üçün xaricə səfərlər təşkil etməsiylə fərqlənir. Şagirdlərə nəqliyyat xidməti də göstərilir.  Bu xidmət eləcə də Xəzər universitetinin nəzdində fəaliyyət göstərən  "Dünya məktəbi" və bəzi digər özəl təhsil ocaqlarında da keçərlidir.

Bir mühüm fakt da bundan ibarətdir ki, bu qəbildən olan özəl məktəblər kitab və başqa tədris materiallarını onlara lisenziya verən ölkələrdən alırlar. Bununla bərabər, milli kurikulumun tələblərinə cavab verən yerli tədris proqramı da diqqətdə saxlanılır. Nümunə kimi  “European Azerbaijan School” və ya Bakı Atatürk Liseyinin adlarını çəkmək olar.

Atatürk Liseyində uşaqlar I sinifdən IV sinifədək Türkiyə Təhsil Nazirliyinin təhsil proqramı əsasında təhsil alırlar. Məşğələlərdə türk dili və ədəbiyyatı ətraflı öyrədilir. Şagirdlər V sinifdən XI sinifə qədər isə Azərbaycanın milli təhsil sistemi əsasında təhsil alırlar.

"Dünya məktəbi"ndə məşğələlər IB ("International Baccalaureate") proqramı üzrə keçirilir. Bu təhsil ocağını bitirənlər "IB Diploma" Proqramı olan yerli məktəblərə, eləcə də xarici universitetlərə daxil ola bilirlər.

Beləliklə, belə nəticə çıxarmaq olar ki, övladını özəl məktəbdə oxudan valideynlər onun gələcəyi barədə böyük ölçüdə arxayın ola bilərlər.  Bu işdə əsas məsələ sizin uşağa və cibinizə uyğun təhsil ocağı tapmağınızdır. Belə olarsa, tədris prosesi mütləq fayda və  hətta uğur gətirəcək.

Məktəb

İllik qiymət AZN-lə

Kiçik qrup

Orta qrup

Böyük qrup

Birinci il üçün ödəniş

Növbəti illər üçün ödəniş

British School in Baku

15000

17000

20000

___

___

EVRIKAliseyi

7000

7500

8000

___

___

«Dünya məktəbi»

7500

8000

8000

İngilis qrupu-8500-12000

___

___

EuropeanAzerbaijanSchool

9800

12000

1400

___

___

Atatürk Bakı Liseyi

___

___

___

2000

1000

Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az

Özəl məktəb Araşdırma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər