Bakıda peşəkar fotosessiya xidmətləri neçəyə başa gəlir - QİYMƏTLƏR

Bakıda peşəkar fotosessiya xidmətləri neçəyə başa gəlir - QİYMƏTLƏR, Javid

Toy və nişan mərasimlərində foto xidmət neçəyə başa gəlir?

Keyfiyyətli kamerası olan smartfonlar çıxandan sonra, bəziləri fotoqrafiya sənətinin tənəzzülə uğrayacağını güman edirdi. Lakin gözlənilən baş vermədi. Təkcə elə Bakıda peşəkar fotosessiya xidmətlərinə maraq daha da artıb. Bunu paytaxt sakinlərinin daha cəlbedici və peşəkar fotolara sahib olmaq istəyilə əlaqələndirmək olar. Bəs Bakıda peşəkar fotosessiya xidmətləri neçəyə başa gəlir, ümumiyyətlə bu, perspektivli və gəlirli sahədirmi? 

Bakucity.az saytı paytaxtdakı peşəkar foto xidmətləri ilə bağlı araşdırma aparıb, materialı oxucularımıza təqdim edirik

“Çörəyini yalnız fotoqrafiya ilə qazanan insan peşəkardır”

Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu Bakucity.az-a açıqlamasında deyib ki, əgər fotoqraf peşəkardırsa, qəlibə salınması bir az çətindir:

“Əksər yaradıcı adamlarda olduğu kimi, fotoqrafları da qəlibə salmaq çətin məsələdir, bu, heç düzgün də deyil. Fotoqrafiya ilə bağlı bütün dünyada qəbul olunan bir fikir var: çörəyini yalnız fotoqrafiya ilə qazanan insan peşəkardır. Bu deyim fotoqrafiya sənətinin bütün qollarına aiddir”.

Bakıda peşəkar fotosessiya xidmətləri neçəyə başa gəlir - QİYMƏTLƏR, fotoşəkil-1

“Bəzi fotoqraflar məhşurluğundan istifadə edərək fotosesiyanın qiymətini baha deyirlər”, - fotoqraf Orxan Məmmədli deyir və əlavə edir ki, rəsmi tədbirləri çəkən fotoqraf daha diqqətli olmalıdır: “Peşəkar fotoqraf tədbir şəkilləri çəkirsə, gözünü dörd açmalıdır və hansısa vacib kadrı əldən verməməlidir. Toy-nişan məclislərində isə əsas fokus cütlükdür. Bəy-gəlinin istəyi romantik kadrlardır, amma belə şəkillərin yaxşı çıxmasında sadəcə fotoqraf deyil, kadra düşən insanlar da rol oynayırlar. Ad günü və s. kimi fotosesiyalarda müştəriləri maraqlandıran əsas məsələ yaraşıqlı və gözəl düşməkdir. Belə çəkilişləri həyata keçirmək elə də çətin deyil, lakin Bakıda fəaliyyət göstərən bəzi fotoqraflar sadəcə məşhurluqdan istifadə edərək, qiymətləri süni şəkildə qaldırırlar. 

Ümumiyyətlə isə toy fotosessiyasının qiyməti albomla bir yerdə 500-700, “Love story” 300, ad günü 200, nişan, xınayaxdı mərasimləri 300-350 manatdan başlamaqla, istəyə görə dəyişə bilər. Tədbirlərdə bir saat çəkiliş aparmaq 70-80-100 manat arasında dəyişir. Studiyada çəkilən fotosessiyalar isə saatbaşına 200-250 manat arasındadır”, - deyə fotoqraf açıqlamasına yekun vurub. 

“Azərbaycanda foto sənəti indi-indi inkişaf edir”

Fotoqraf Araz BağırovGürcüstan, Türkiyə kimi qonşu ölkələrdə peşəkar foto xidmətlərinin bizdəkindən daha bahalı olduğunu bildirib: “Yaxşı şəkillər hər zaman çəkilmir. Peşəkar fotoqraf çəkiliş apararkən birinci növbədə vaxtı və hava şəraitini düşünməlidir. Sonra məkanla geyimlərin uyğunluğu nəzərə alınmalıdır.  Azərbaycanda foto sənəti indi-indi inkişaf edir, bu, o qədər də populyar sahə deyil. Əksəriyyət indiyə qədər bu sahəyə yalnız pul qazanmaq üçün gəlirdisə, bu gün artıq fotoqrafiya sənət, peşə kimi seçilməyə başlayır. Fotosesiyaların qiymətinə gəlincə, çəkilmiş fotolar fotoqrafın zəhməti, əli işidir. Şəxsən mənim zəhmətimin qarşılığı yalnız toy fotosesiyası üçün ən azı 700 manatdır”, - deyə respondentimiz gülümsəyir və peşəkar foto xidmətinin Türkiyədə və Gürcüstanda bizdən çox daha bahalı olduğunu da vurğulayır.

Bakıda peşəkar fotosessiya xidmətləri neçəyə başa gəlir - QİYMƏTLƏR, fotoşəkil-2

“Toy fotosessiyasını 1000 manata çəkirəm”

Bakucity.az-a açıqlama verən peşəkar fotoqraf Araz Adiloğlu fotosessiyaları neçəyə çəkdiyinə aydınlıq gətirib: 

“Mənim ən ucuz fotosessiyam 300 manatdır, o da tədbirdir. “Love Story” və ad günü fotosessiyalarını isə 500 manata çəkirəm. Nişanla xınayaxdı 700, toy fotosessiyasını isə 1000 manata çəkirəm”.

Bakıda peşəkar fotosessiya xidmətləri neçəyə başa gəlir - QİYMƏTLƏR, fotoşəkil-3

Peşəkar fotoqraf Eldar Əkbərov saytımıza açıqlamasında qeyd edib ki, hələlik Azərbaycanda fotoqrafiyaya sənət sahəsi kimi ciddi münasibət yoxdur.

“Bizdə fotoqrafiya əsasən hadisələri və tədbirləri lentə köçürməkdən ibarət bir sahədir. Bu kadrlara isə hər fotoqraf ürəyi istədiyi qiyməti qoyur. Peşəkarlıq baxımından ölkəmizdə xarici fotoqraflardan heç də geri qalmayan istedadlı və kreativ düşünən gənclərimiz var. Amma fotoqrafiya bir sahə kimi hələlik geridədir”, - Eldar Əkbərov bildirib. 

Sonda oxucularımıza respondetlərdən aldığımız və internetdəki axtarışlarımız əsasında Bakıdakı peşəkar foto xidmətləri sahəsində ortalama qiymətləri təqdim edirik:

Fotosessiyalar

Qiymət

Tədbir

300 Azn

Love Story

500 Azn

Ad günü

500 Azn

Nişan

700 Azn

Xınayaxdı

700 Azn

Toy

1000 Azn

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

Fotosessiya Araşdırma Toy
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər