Paytaxtda Beynəlxalq Biznes Forum təşkil olunacaq

Paytaxtda Beynəlxalq Biznes Forum təşkil olunacaq, Javid

Forum kiçik və orta sahibkarlığın inkişafına həsr ediləcək

Noyabrın 2-də Bakıda Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafına həsr edilmiş Beynəlxalq Biznes Forum təşkil olunacaq.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) verilən məlumata görə, biznes forum Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının sədri olan ASK tərəfindən təşkil olunacaq.

Forumda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin sahibkarları, biznesə dəstək təşkilatları Azərbaycanda olan real investisiya imkanları, hazırda icra edilən investisya layihələri haqqında yaxından tanış olacaq, habelə sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin artırılması məqsədilə "B2B" görüşlər təşkil ediləcək.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1992-ci il iyunun 25-də İstanbul şəhərində da 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə yaradılıb. Hazırda Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna bu nüfuzlu beynəlxalq təşkilatın üzvləridir. Qurumun əsas məramı çoxtərəfli siyasi-iqtisadi əməkdaşlıq modeli kimi regional siyasi problemləri həll etmək, habelə bölgəyə sülh və əmin-amanlıq gətirməklə yanaşı üzv ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirməkdən ibarətdir. Məhz təşkilatın üzv dövlətləri arasında biznes əlaqələri inkişaf etdirmək məqsədilə QDİƏT Biznes Şurası fəaliyyət göstərir.Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) bu ilin iyul ayının 1-dən etibarən 6 ay müddətinə Biznes Şuraya sədrlik edir.

Bakucity.az

Forum
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər