Norveçin Bakıdakı səfirliyinin bağlanılmasına rəsmi münasibət bildirildi

Norveçin Bakıdakı səfirliyinin bağlanılmasına rəsmi münasibət bildirildi, Javid

Hikmət Hacıyev: "Bu məsələyə xüsusi bir əhəmiyyət verməyə lüzum görmürük"

Bakucity.az xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Norveçin Azərbaycanda səfirliyinin fəaliyyətinin dayandırılması barədə məlumata münasibət bildirib. 

"Bu məsələyə xüsusi bir əhəmiyyət verməyə lüzum görmürük. Hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik nümayəndəliyin açılması və ya bağlanması barədə qərar qəbul edir", - rəsmi Trend-ə açıqlamasında deyib. 

"Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırması Norveç hökumətinin öz işidir. Bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur", - Hacıyev bildirib və əlavə edib ki, Norveçin Azərbaycandakı səfirliyi 1998-ci ilin iyununda təsis edilib və əsas məqsəd o zaman “Statoil” adı ilə fəaliyyət göstərən Norveçin neft şirkətinin fəaliyyətini yüngülləşdirmək və onun biznes maraqlarını təşviq etmək idi. 

“Azərbaycanın Norveçdə səfirliyi açılmayıb və açıq desək, belə bir fikir də olmayıb. Azərbaycanın İsveçdəki səfirliyi qeyri-rezident əsasda, eyni zamanda, Norveçdə də akkreditasiya olunub", - Hacıyev bildirib. 

Bakucity.az

Hikmət Hacıyev Norveç səfirliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər