Bakı Dövlət Universitetinin ən uzunömürlü rektorları - SİYAHI

Bakı Dövlət Universitetinin ən uzunömürlü rektorları - SİYAHI

Ən çox vəzifədə qalan Abel Məhərrəmov olub

Abel Məhərrəmovun rektor vəzifəsindən kənarlaşdırılması və aqibəti iki gündür ictimaiyyətin müzakirəsində olan hadisələrdən birinə çevrilib. Bu hadisə eyni zamanda gələn il yaradılmasının 100 ili tamam olacaq Bakı Dövlət Universitetini (BDU) diqqət mərkəzinə gətirib.

Abel Məhərrəmov 1976-cı ildən Azərbaycan Dövlət Universitetində çalışırdı. O, əvvəlcə universitetdə baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb. 1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993-1999-cu illərdə kimya fakültəsinin dekanı olub. 1999-cu ildən rektor idi.

İlk rektoru Vasili İvanoviç Razumovski olan (1919-1920-ci illərdə BDU-ya rəhbərlik edib) BDU-nun Abel Məhərrəmova qədər 23 rektoru olub. Onların heç biri Abel Məhərrəmov qədər uzun müddətə BDU-nun rəhbəri olmayıb. Eyni zamanda onların heç biri A.Məhərrəmov kimi yayılan məlumatlara görə utancverici vəziyyətdə rektor vəzifəsindən getməyib. Vəzifə ömrünün uzunluğuna görə A.Məhərrəmova yaxın yeganə rektor Faiq Məmməd oğlu Bağırzadə (1970-1987) olub. Musavat.com-un materialında bildirilir. 

Bakı Dövlət Universitetinin ən uzunömürlü rektorları - SİYAHI, fotoşəkil-1

Vasili İvanoviç Razumovski 

BDU yaradılandan Azərbaycanın bir nömrəli təhsil ocağıdır. BDU yalnız ölkədə elmin, təhsilin inkişafında deyil, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizələrdə müstəsna rola malikdir. Gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi, onlarda Azərbaycan dövlətinə, xalqına sədaqət hissinin aşılanması ali təhsil ocağının əsas məqsədlərindən biri olub.

BDU bu xidmətlərini Azərbaycan xalqının ən ağır günlərində belə ölkəmizdən və dövlətimizdən əsirgəməyib. Ötən əsrin 80-ci illərində Qarabağ hadisələri başlayanda BDU xüsusi fəallıq göstərirdi. Universitetdə Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində görülən işlər ölkəmizin heç bir ali məktəbində yox idi. Ali təhsil ocağının xətti ilə Qarabağın cəbhə bölgələrinə yardımlar edilirdi. Eyni zamanda döyüşçülərimizin silahla təchiz olunması təşkil edilirdi. Keçmiş SSRİ-nin bütün ali məktəblərinə ermənilərin məkrli niyyətləri haqqında məlumatlar göndərilirdi.

Bakı Dövlət Universitetinin ən uzunömürlü rektorları - SİYAHI, fotoşəkil-2

Faiq Məmməd oğlu Bağırzadə

Azərbaycanda 1980-ci illərin ikinci yarısından müstəqillik uğrunda mübarizə başlayanda bu təhsil ocağı mübarizənin əsas hərəkətverici qüvvələrinin cəmləşdiyi məkan olub. Meydan hərəkatı başlanan zaman BDU-ya Yəhya Cəfər oğlu Məmmədov rektorluq edib. 1987-1989-cu illərdə rektor olan Yəhya Məmmədov 2000-ci ildə 70 yaşında dünyasını dəyişib.

Bakı Dövlət Universitetinin ən uzunömürlü rektorları - SİYAHI, fotoşəkil-3

Cəmil Bahadur oğlu Quliyev

1989-1990-cı illərdə BDU-nun rəhbəri Cəmil Bahadur oğlu Quliyev olub. C.Quliyev 2010-cu ildə 83 yaşında vəfat edib. Ondan sonra Mirabbas Göycə oğlu Qasımov 1992-ci illə qədər rektor olub. 2008-ci ildə 69 yaşında dünyasını dəyişib.

Bakı Dövlət Universitetinin ən uzunömürlü rektorları - SİYAHI, fotoşəkil-4

Firudin Yusif oğlu Səməndərov isə 1992-1993 -cü illərdə BDU rektoru işləyib. Hazırda 79 yaşındadır. F.Səməndərovdan sonra rektor vəzifəsinə Murtuz Nəcəf oğlu Ələsgərov təyin edilib. 1993-1996-cı illərdə bu ali təhsil müəssisəsinə rəhbərlik edən M.Ələsgərov rektor vəzifəsindən ölkənin o dövrün Konstitusiyasına görə ikinci şəxsi olan Milli Məclisin sədri postuna yüksəlib. Uzun müddət Milli Məclisin sədri olan M.Ələsgərov 2012-ci ildə 84 yaşında dünyasını dəyişib.

Bakı Dövlət Universitetinin ən uzunömürlü rektorları - SİYAHI, fotoşəkil-5

M.Əlsəgərovdan sonra BDU-ya Misir Cümayıl oğlu Mərdanov rektor təyin edilib. M.Mərdanova da rektor vəzifəsi düşərli olub. İki il sonra - 1998-ci ildə təhsil naziri postuna qabağa çəkilib. 16 il nazir vəzifəsində çalışan 72 yaşlı M.Mərdanov hazırda Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktorudur.

Bakı Dövlət Universitetinin ən uzunömürlü rektorları - SİYAHI, fotoşəkil-6

Misir Mərdanovun 1998-ci ildə BDU rektoru vəzifəsindən getməsi Abel Məmmədəli oğlu Məhərrəmovun bəxtinin üzünə gülməsi - rektor vəzifəsinə təyin olunmasına yol açıb. 1999-cu ildə o, BDU rektoru təyin edilib. 68 yaşlı A.Məhərrəmov 19 illik vəzifəsindən 2018-ci il noyabrın 15-də uzaqlaşdırılıb. Bundan sonrakı aqibətinin necə olacağı hələlik bəlli deyil.

Bakucity.az

Bakı Dövlət Universiteti BDU Abel Məhərrəmov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər