Bakı məktəbliləri üçün maarifləndirici tətil tədbirləri təşkil olunub

Bakı məktəbliləri üçün maarifləndirici tətil tədbirləri təşkil olunub

Tədbir və ekskursiyalar tətil müddətində həyata keçirilib

Bakı Şəhət üzrə Təhsil İdarəsindən Bakucity.az-a verilən məlumata görə BŞTİ-nin təşkilatçılığı ilə tətil günlərində məktəblilər Xalq Təhsili Muzeyinə ekskursiya edərək orada qabaqcıl təhsil müəssisələri, müəllimlər barədə məlumatlanıb, eyni zamanda, tədris prosesini əks etdirən fotoşəkillər, nadir və müxtəlif illərə məxsus dərsliklər, əl işləri, albomlar, maketlər və digər eksponatlarla tanış olublar.

Ekskursiyalar zamanı uşaqların yaş qruplarına uyğun qısa mühazirələr oxunub, yaradıcı oyunlar keçirilib.

Bundan başqa, Bakı Kitab Mərkəzi, Miniatür Kitab Muzeyi, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Azərbaycan Milli İncəsənət Muzeyi və digər muzeylərə də məktəblilərin səfərləri həyata keçirilib.

Məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, xalçaçılıq, qədim zamanlarda yaşamış insanların həyat tərzi, onların gündəlik və döyüş geyimləri ilə yaxından tanış olublar.

Həmçinin, məktəblilər muzeylərin kolleksiya fonduna tamaşa edib, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilib.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər