Bakıda kirayə mənzillər kəskin bahalaşıb - AÇIQLAMA

Bakıda kirayə mənzillər kəskin bahalaşıb - AÇIQLAMA, Javid

Mütəxəssis: “Proses hələ davam edəcək”

Bakucity.az xəbər verir ki, Paytaxtın kirayə mənzil bazarında kəskin bahalaşma və təklifin azalması müşahidə edilir. Müşahidələr göstərir ki, 1-2 otaqlı mənzillərin kirayə qiymətində 20 faizdən yuxarı artım qeydə alınıb. Son bir ayda qiymətlər belə mənzillər üçün 300 manatdan 350-400 manatadək yüksəlib.

Kirayə haqlarının bahalaşması xüsusilə metro stansiyalarına yaxın ərazillərdə həm də qıtlıqla müşayiət olunur. Belə ki, Qara Qarayev-Neftçilər-Xalqlar Dostluğu-Əhmədli-Həzi Aslanov ərazisində kirayə mənzil tapmaq müşkülə dönüb. Bu ərazilərdə nəinki köhnə, heç yeni binalarda da kirayə verilən mənzilləri boş tapmaq olmur.

Mənzil bazarı iştirakçılarının verdiyi məlumata görə, kirayə haqlarının artması bazardakı qıtlıqla bağlıdır. Belə ki, hökumətin həyata keçirməkdə olduğu pilot layihələr çərçivəsində 50-dən çox bina sökülüb: “Bu binaların özlərində kirayə evlər vardı. Bundan əlavə, şəhərin kirayə bazarının aktiv olduğu ərazilərində söküntülər aparılır. Bu, kirayə verilən mənzillərin sayında azalmaya səbəb olub. 

Bəzi bazar iştirakçıları son vaxtlar Rusiyadan Bakıya gəzməyə gələnlərin sayının çoxalmasının da kirayə bazarına təsir etdiyini deyirlər. 

 “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyir ki, kirayə bazarındakı bahalaşmanın birinci səbəbi mövsümi amildir: “İkinci səbəb təklif portfelinin azalması ilə bağlıdır. Məsələn, əgər əvvəllər biz ay ərzində 1300-1400 təklif yığa bilirdiksə, indi onların sayı 800-900-ə düşüb. Bu da həm xruşşovkaların, həm Sovetski, həm Alatava, həm də Xutorda aparılan söküntülərlə bağlıdır. Üçüncü faktor isə budur ki, 2015-ci ildə devalvasiyadan sonra satış qiymətləri yerində qalsa da, kirayə haqları azalmışdı. İndi kirayə haqları əvvəlki mövqeyini bərpa edir”.

Ekspert hesab edir ki, turistlərin kirayə ev tutması faktoru kirayə haqlarına təsir edəcək qədər böyük deyil: “Burada elə bir kütləvilik yoxdur”.

N.İbrahimovun sözlərinə görə, kirayə bazarında artım davam edəcəkək. Musavat.com-un məlumatında bildirilir. 

Bakucity.az

Kirayə bazarı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər