Paytaxtımızda bu gün həkim-dietoloqlar hansı xidmətləri göstərirlər?
Həkim dietoloq xidməti sadəcə artıq çəkidən xilas olmaq üçün deyil, həm də bədənin kimyəvi və metabolik proseslərinin təmizlənməsinə kömək edir. Bakucity.az bu sahədə yerli mütəxəssislər tərəfindən hansı xidmətlərin göstərildiyini və bu müalicənin təxminən neçəyə başa gəldiyini araşdırıb. Materialı təqdim edirik.
Dietoloqa əsasən piylənməyə görə müraciət edilir
“Mərkəz Klinika”nın həkim dietoloqu Lalə Məmmədli Bakucity.az-a açıqlamasında artıq çəkili insanların onlara tez-tez müraciət etdiyini qeyd edib:
“Xəstələrin 80%-i əsasən düzgün qidalanmamanın nəticəsində piylənmə problemləri ilə üzləşirlər. Bu vəziyyətdə xəstəliyə uyğun olaraq müəyyən bir müddət üçün pəhriz müəyyən edilir. Bundan əlavə, pəhrizlə yanaşı, həkim tərəfindən idman məşğələləri də təyin edilir. Kalori miqdarının qəbulunu xəstənin boyuna, çəkisinə və yaşına əsasən müəyyən etmək lazımdır. Bütün bunlar çox fərdidir və hər bir şəxs üçün ayrıca bir yanaşma tələb edir. 3-7 kq itirmək bacarığı olan xəstələr var. Əlbəttə ki, bunlar həzm sisteminin necə işləməsindən asılıdır. Xəstələr yuxarıda qeyd olunan nəticəyə bir ay ərzində nail ola bilərlər. Sonrakı aylarda da eyni nəticəni təkrar edə bilərlər. Əgər çəkidə dəyişiklik olmasa, xəstə əlavə testlərdən keçməlidir”.
Tanınmış dietoloq həkim Tutu Zeynalova isə artıq çəkinin səbəbini müəyyənləşdirməyin vacibliyini vurğulayıb:
“Müalicəyə başlamazdan əvvəl, - deyə Zeynalova qeyd edir, - mən pasiyentin anamnezini (tibbi yoxlanışda şəxsdən alınan məlumatlar) toplayıram. Sonra müştərilərimizin “InBody, Body” analizatorunu müşahidə edirik. Bu analizator çəkinin, piyin əzələyə nisbəti, orqanizmdə suyun miqdarı, metobolizm və digər parametrlər haqqında məlumat verir. Sonra pasiyentin probleminin tam araşdırılması üçün qan analizi verilir. Yalnız bundan sonra düzgün qidalanma planı tutulur. Əsas odur ki, müalicə vaxtı piy kütləsi ərisin. Müalicədən sonra da düzgün qidalanma başlıca şərtdir. Əgər insan pəhrizə düzgün riayət etməyi öyrənsə, o, hətta “fəstfud”la da qidalana bilər”.
Bundan başqa, “Tutu Diet Center”də diabet və digər xəstəliklərdən əziyyət çəkənlər üçün düzgün qidalanma rejimləri də tərtib edilir.