Bakıda plastik torbaların istifadəsi qadağan olunacaq - AÇIQLAMA

Bakıda plastik torbaların istifadəsi qadağan olunacaq  - AÇIQLAMA

Azərbaycanda adambaşına ildə 24 kq plastik tullantı əmələ gəlir

Bakucity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyevanın "Report"a müsahibəsində birdəfəlik plastik torbaların istifadəsibub qadağan olunacağını bildirib. 

Onun sözlərinə görə, plastik qablaşdırma tullantıları, xüsusən də polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir:

"Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir. Eyni zamanda, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına və bununla da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Digər tərəfdən, bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir.

Azərbaycanda isə Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış təhlilə görə adambaşına ildə 24 kq plastik tullantı əmələ gəlir. Azərbaycanda Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2009-cu ilə görə plastik torbaların ölkədə istehsalı 2 dəfəyə qədər, bu məhsulların ölkəyə idxalı isə 5 dəfəyə qədər artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi gələn ildən başlayaraq ticarətdə plastik torbaların ödənişli olması ilə bağlı müvafiq işlər görür və yaxın zamanda ölkədə birdəfəlik istifadə olan 20 mikrona qədər plastik torbaların istifadəsinin qadağan olunması nəzərdə tutulur.

Düşünürük ki, bu addımlar problemin həlli istiqamətində irəliləyişin əldə olunmasına, atmosfer havasının əlavə çirklənməməsinə və insan səhəti üçün yarana biləcək fəsadların azaldılmasına gətirəcək. Hər bir insanın təmiz ətraf mühitdə yaşamaq hüququ varsa, deməli heç bir insanın da bu ətraf mühiti çirkləndirmək hüququ yoxdur".

Bakucity.az

Ekologiya ETSN Plastik Torba
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər