Bakıda yol qəzasına qurban getməmək üçün nə etməli? - ARAŞDIRMA

Bakıda yol qəzasına qurban getməmək üçün nə etməli? - ARAŞDIRMA

"Bütün yol qəzalarının 65% -i piyadalarla əlaqəlidir" 

Elə bir gün yoxdur ki, Bakıda ağır yol-nəqliyyat qəzası baş verməsin. Sərnişin avtobusları, avtomobillər ya piyadaları vurur, ya da bir-birləriylə toqquşurlar. Bu qəzalar bir qayda olaraq insan itkisi ilə nəticələnir. Müxtəlif dövlət qurumları problemi həll etmək çalışırlar. Bu tədbirlər işə yarayırmı? Bakucity.az paytaxtda baş verən qəzaların əsas səbəblərini aydınlaşdırmağa çalışıb. 

İnsanlar  qəzəblərinə necə hakim olacaqlarını bilmirlər

"Meduna" psixoloji yardım mərkəzinin klinik-psixoloqu Könul Abbasova insanların yolda olarkən və xüsusilə harasa tələsəndə tez-tez aqressiv davrandıqlarını deyir: 

“Elə adamlar var, şəxsi “mən”lərini göstərmək onların xoşuna gəlir, onlar hətta sükan arxasında olanda, düşünmədən öz həyatlarını və ətrafdakıları təhlükəyə məruz qoyurlar”. 

Bakıda yol qəzasına qurban getməmək üçün nə etməli? - ARAŞDIRMA, fotoşəkil-1

"İnsan tələsəndə, - psixoloq davam edir: ona elə gəlir ki, hər saniyənin böyük hökmü var, mənfi əhval onu öz hakimiyyəti altına alır. Tıxacda qalan insanlar qəzəbdən od tutub yanır, sürücülər qarşılarında dayanan avtomobillərə siqnal verirlər, sanki bununla yolda hərəkət bərpa olunacaq. Əsəbi sürücülər emosiyalarının təsiri altında qaydaları kobudca pozurlar və s. Təəssüf ki, insanlarımız hələ də qəzəblərinə necə hakim olacaqlarını bilmirlər”, - deyə K.Abbasova açıqlayıb. 

Psixoloqun sözlərinə görə, şəhərimizdə əksər insanlar ciddi stresdən əziyyət çəkirlər, çünki psixoloqlara az müraciət edirlər, bu xoşagəlməz vəziyyət isə aqressiyasını daha da çoxaldır. 

"İnsanların hansısa şəxsi və ya ailə problemlərinin olduğu aydındır. Vaxtında mütəxəssis köməyinə müraciət etməyəndə, stres getdikcə toplanır və nəticədə üst-üstə yığılan qəzəb yollarda qəzalara səbəb olur”, - Abbasova bildirib.

Ekspert onu qeyd edib ki, bu gün sərnişindaşıyan avtobusların sürücüləri daxil olmaqla, bir çox sürücülər narkotik maddə və ya spirtli içki qəbul etdikdən sonra sükan arxasına keçirlər, yerli sürücülər tez-tez qaydaların elə pozulmaq üçün olduğunu düşünürlər: 

“Bütün bunlar isə təəssüf ki, bu gün Bakı küçələrində gördüyümüz pis hadisələrlə nəticələnir. Piyadalar və sürücülər yol-hərəkəti qaydalarına əməl etsələr, bir çox problemlərdən xilas olmaq olardı”.

“Bu il 100 000 insan hər biri 20 manat olmaqla cərimələnib”

Paytaxt yollarında baş verən qəzalarının əsas səbəblərini öyrənmək üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədova  müraciət etdik. Onun sözlərinə görə, qəza statistikası keçən ilə nisbətən bu il əhəmiyyətli dərəcədə azalıb:

 “Qeyd etmək istərdim ki, yol polisi tərəfindən həyata keçirilən müxtəlif tədbirlər nəticəsində şərnişindaşıyan avtobuslarda qəza halları azalıb. Qaydalara daha çox riayət olunsa, nəticələr daha da yaxşı olacaq. Bunun üçün bütün yol istifadəçilərinin yol qaydalarına riayət etməsi zəruridir”. 

Bakıda yol qəzasına qurban getməmək üçün nə etməli? - ARAŞDIRMA, fotoşəkil-2

Rəsmi, baş verən çoxsaylı qəzaların əsasən yol-hərəkət qaydalarını pozan piyadalarla əlaqədar olduğunu vurğulayıb:

"Yol qəzaların 65%-i piyadalarla əlaqəlidir. Yol keçən insanlar çox vaxt diqqətsiz davranırlar, buna görə də xəsarət alanların statistikası çox yüksəkdir. Təkcə bu il 100 000 insan hər biri 20 manat olmaqla cərimələnib. Əməkdaşlarımızın müvafiq tədbirlər görməsinə baxmayaraq, vətəndaşlar qayda pozuntularına görə cərimə edilir, bu statistika da artmaqda davam edir. "İnzibati Xətalar Məcəlləsi"ndə  piyadaların piyada keçidlərindən kənar yerlərdən keçməsi üçün 20 manat cərimə nəzərdə tutulur. Bu məlumatlar bütün mətbuatda yayılıb, lakin insanlar qaydaları pozmaqda davam edirlər", - deyə rəsmi fikrini tamamlayıb. 

"Ehtimallarla hərəkət etmək olmaz"

Yol hərəkəti qaydaları üzrə mütəxəssis Elməddin Muradlı onda olan məlumatlara görə, son zamanlarda yol qəzalarının yalnız paytaxtda deyil, ölkə üzrə kəskin şəkildə artdığını deyir: “Təəssüf ki, son vaxtlar avtomobil qəzalarında ölənlərin sayı da çoxalıb. Bu ağrılı statistikadır”.

Ekspertin sözlərinə görə, sürücülərin hava şəraitində tez-tez baş verən dəyişikliklərə hazır olmaması, xüsusilə güclü yağışlar zamanı ağır yol qəzaları ilə nəticələnir: 

"Yağışlı, güclü küləkli və qarlı havalarda sürücülərin yollarda yetərincə diqqətli olmaması ağır qəzalara səbəb olur. Sürücülər hava haqqında əvvəlcədən məlumatlı olmalıdırlar, bu onlara yol şərtlərinə uyğunlaşmağa kömək edər. Ehtimallarla hərəkət etmək olmaz, yol-hərəkəti qaydalarını düzgün yerinə yetirmək lazımdır”. 

Bakıda yol qəzasına qurban getməmək üçün nə etməli? - ARAŞDIRMA, fotoşəkil-3

Elməddin Muradlı qeyd edib ki, şəhər yollarında acınacaqlı qəza statistikasına səbəb olan problemlər çoxdur. 

“Şəhərdə elə küçələr var, piyada keçidlərində işıqforları işləmir, nəticədə tez-tez yol-nəqliyyat qəzaları baş verir. Məsələn, “Binə Ticarət Mərkəzi” yaxınlığında və Hanifə Ələsgərova küçəsində belə vəziyyət yaranıb. Bir gün ərzində müxtəlif yerlərdən işıqforların işləmədiyi xəbəri gəlir

Yol polisləri həmişə həmin yerlərdə olmalıdırlar ki, yol hərəkəti qaydalarını tənzimləsinlər".

Beləliklə, Bakucity.az-a məlum olub ki, paytaxt yollarında ümumi diqqətsizlik və səhlənkarlıqdan qaynaqlanan problemlər nəticəsində ağır qəzalar və ölüm hadisələri baş verir. Bakıdakı acınaqlı qəza statistikasını aradan qaldırmaq üçün mütəxəssislər və rəsmilər qaydalara əməl edilməsinin və məsuliyyətli davranmağın həyati əhəmiyyət kəsb etdiyini vurğulayırlar. 

Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az

Araşdırma Bakı yolları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər