Bakıda tələbələrə ən çox təklif olunan işlər - ARAŞDIRMA

Bakıda tələbələrə ən çox təklif olunan işlər - ARAŞDIRMA, Javid

Böyük şirkətlərdə tələbələr üçün fürsətlər var

Bakıda tələbə olmaq asan deyil. Xüsusilə regionlardan gələn tələbələr həm kirayə haqqı, həm ərzaq, həm də digər xərcləri qarşılamaqda çətinlik çəkirlər. Burda ən yaxşı həll yollarından biri tələbələrin dərsdən sonra işləyə biləcəkləri yerlər ola bilər. Bəs Bakıda tələbələrin ehtiyaclarını qarşılayacaq, onları normal işlə təmin edəcək müəssələr varmı? 

Bakucity.az  paytaxtda fəaliyyət göstərən şirkətlərdən sorğu götürməklə bu suala cavab tapmağa çalışıb. Araşdırmamızı təqdim edirik.  

Bakıda tələbələrə ən çox təklif olunan işlər - ARAŞDIRMA, fotoşəkil-1

SOCAR AQS-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Cəmilə Axundova Bakucity.az-a açıqlamasında bildirib ki, şirkətdə tələbələr üçün nəzərdə tutulan Təcrübə Proqramı fəaliyyət göstərir.

“Yay aylarında həyata keçirilən 2 aylıq proqrama 1-4, 5-ci kurslarda və magistr dərəcəsində təhsil alan tələbələr qatılır. Biz onları şirkətin müxtəlif şöbələrinə yönləndiririk. Sonra ilkin müsahibə, qiymətləndirmə və təcrübə proqramından uğurla keçən tələbələr - 80%-i keçir -  orta əmək haqqından da yüksək maaşla şirkətdə işlə təmin edilirlər”, - deyə Cəmilə xanım bildirib. 

“Azercell Telekom MMC”-nin Mətbuat xidmətindən isə saytımıza bildirilib ki, şirkətdə “Tələbə Təcrübə Proqramı” ildə 2 dəfə keçirilir:

“Növbəti proqramın keçirilmə tarixi Dekabr ayında elan olunacaq. Məqsədimiz tələbələrə qatıldıqları biznes sahəsində sağlam təcrübə toplamaq imkanını yaratmaqdır. Eyni zamanda, tələbə, təcrübə prqoramından uğurla keçdikdə şirkətdə mövcud vakansiya üzrə işlə təmin edilə bilər”. 

“İşləmək istəyən tələbə bizə müraciət edə bilər”, – bunu  “Zaman Broker” sığorta şirkətininin əməkdaşı deyib.

“Burada iş saatı 10:00-dan 18:00-a qədərdir. Bu vaxta uyğun işləmək istəyən qiyabi təhsil alan tələbələr bizə müraciət edə bilər. Magistrlər isə 350 manatdan başlayaraq, faiz əlavə olunmaqla mütamadi işlə təmin edilirlər”, - deyə o, fikrini tamamlayıb.

Bakıda tələbələrə ən çox təklif olunan işlər - ARAŞDIRMA, fotoşəkil-2

Tələbə təcrübə proqramları

Paytaxtda digər böyük şirkətlər tərəfindən də təcrübə proqramları həyata keçirilir. Onlardan “Aminat School”, “Nash Consulting Azerbaijan”, “Keepface”, “Gilan Holding”, “Kapital Bank”, “Azərbaycan Sənaye Bankı”, “Bakcell”, “Turan Bank”, “Lets Go”, “Avrora” və s. kimi şirkətlərin adlarını çəkmək olar. Bununla bağlı şirkətlərin əməkdaşları məlumat verib.

Bakıda tələbələrə təklif olunan peşələr

Araşdırmalar zamanı məlum olub ki, təcrübə proqramlarından başqa, tələbələrə ən çox təklif olunan vakant yerlər əsasən bunlardır:

Ofisiant, satıcı, nəzarətçi, SMM menecerlik, kuryer, operator, tur təmsilçisi, turizm-infarmator, tərcüməçi  və ingilis dili müəllimi (Ümumi ingili dili, IELTS, TOEFL səviyyəsində). Bu işlərdə isə, orta əmək haqqı əsasən 200-400 arasında dəyişir. 

İşsizlik tələbələrə necə təsir edir? 

Əksər psixoloqların fikrincə, işsizlik probleminin yaratdığı psixoloji gərginlik bütün yaşlardakı insanlar üçün keçərlidir. Lakin gənclər daha emosional olduqlarına görə, onlardakı özünəinam daha tez zədələnə bilər. İş axtaran gənc psixoloji baxımdan hazırlıqlı olmalı, işəgötürən tərəfə özünü zəif göstərməməli, bacarıqlı və iddialı görünməlidir. Önəmli bir məqam daha var – özünüzü təqdim edərkən çalışıb fərdi bacarıqlara əsaslanan idealardan çıxış etmək lazımdır.

Tələbələr iş tapmaq üçün “JobSearch.az”, “Boss.az”, "edumap.az" kimi karyera saytlarından, sosial şəbəkələrdən, İnsan Resursları Şirkətlərinin xidmətlərindən istifadə edə bilərlər. 

Hazırladı: Ramilə QARDAŞXANQIZI

Bakucity.az

Araşdırma Tələbə iş
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər