Bakıda keçən illərlə müqayisədə hostel biznesi çiçəklənir
Hоstel yataqxana prinsipləri əsasında tikilmiş və sərfəli qiymətə qalmaq üçün yaşayış yeridir. Hosteldə otaqların əksəriyyəti çoxyerlidir. Bir qayda olaraq, burada ikimərtəbəli çarpayılar quraşdırılır, 4 nəfərdən 20 nəfərədək insan eyni vaxtda hosteldə qala bilir. Bakıda turizmin çiçəklənməsi səbəbindən hostellərin sayı da artmaqdadır. Bakucity.az bu dəfə oxucuları üçün Bakıdakı hostelləri, onların qiymətlərini və xidmətlərini araşdırıb.
Bakı hostellərində şərait necədir?
"Mehmanxana ilə müqayisədə hostelin əsas üstünlüyü onun qiymətinin bir neçə dəfə aşağı olmasıdır. "Sherlock Holmes" hostelinin inzibatçısı Zamiq Həsənov Bakucity.az-la söhbətində deyir:
“Amma bu, heç bir halda göstərdiyimiz xidmətin keyfiyyətinə təsir etmir. Hоstеlimizdə qalanlara yaxşıca dincəlmək üçün hər bir şərait var. "Sherlock Holmes" hostelində 5 rahat nömrə və mətbəx var. Mətbəxdə bütün lazımi müasir avadanlıqlar mövcuddur”.
“Adətən hostelləri uzunmüddətli yaşayış üçün seçmirlər, onlar bir və ya iki gecə üçün daha münasibdir”, “Sahilhotel & Hostel”-in idarəçisi Lalə Əliyeva belə deyir:
"Yaxşı hostel – azbüdcəli səyahətlər üçün məqbul variantdır. Hər bir qonaq camaşırxana və kimyəvi təmizləmə xidmətindən yararlana bilər. Həmçinin biz paytaxtda olan müxtəlif maraqlı tədbirlər, ekskursiyalar üçün biletlərin alınmasına kömək edirik. Nömrələrdə duş, kondissioner və pulsuz internet var”.
Hosteldə ev heyvanlarıyla yaşamaq
"Bizim hostel hər kəsi - istər tələbə, istər işçi, istərsə də turisti səmimiyyətlə qarşılayır”, - deyə "Zion hostel" sahibi Emin Mateos bildirir.
Bu hosteldə cəmi 2 nömrə var: biri 12 nəfərin qala biləcəyi ümumi nömrə, digəri isə evli cütlüklər üçün nəzərdə tutulub. Qonaqlar üçün pulsuz avtodayanacaq, bar/lobbi, ödənişsiz “WiFi”, kondisioner xidmət göstərir.
“Amma ən əsas fərqimiz budur ki, istənilən şəxs bizdə öz ev heyvanı ilə yerləşə bilər. Biz bunu anlayışla qəbul edirik, çünki hər insan hətta müvəqqəti də olsa öz sevimli heyvanından ayrı qalmaq istəmir”, - Emin bəy bildirib.
“Əminəm ki, uşaqlarla səyahət etməyi sevənlər bizim "East House Hostel"də olan rahat şəraiti layiqincə qiymətləndirəcəklər”, - deyə “East house hostel”in inzibatçısı Emil İbrahimov Bakucity.az-a söyləyib.
“Bizim müəssisəmiz bahalı otellərə əla alternativdir, çünki bizdə qiymətlər münasibdir, avtodayanacaq və simsiz internet ödənişsizdir. Qonaqlar həmçinin camaşırxana xidmətlərindən də istifadə edə bilərlər”.
Siqaret çəkməyənlər üçün hostel
"Biz şəhərin tarixi mərkəzi İçərişəhərdə, Qız Qalasının bir neçə addımlığında yerləşirik”, - deyə “Salam hostel”-in sahibi Səbinə Babayeva məlumat verib.
“Ümumi tutumu 18 nəfərlik (8, 6 və 4 yerlik) olan 3 rahat otaq müştərilərimizin ixtiyarındadır. Siz bizim hosteldə yaxşı təchiz olunmuş mini-mətbəxdən, camaşırxanadan və internetdən ödənişsiz istifadə edə bilərsiniz. Otaqlarda kondisioner var. Bizim nömrələr yalnız siqaret çəkməyənlər üçündür”.
Bakucity.az tanışlıq üçün Bakıda ən populyar hostellərin qiymətlətini və xidmətlərini təqdim edir:
Hostelin adı | Otaq sayı | Xidmətlər və özəlliklər | Qiymət | Nömrələrin tipləri |
“East House Hostel” | 24 | Pulsuz avtodayanacaq Restoran Səhər yeməyi daxil Bar/lobbi Kimyəvi təmizləmə | 24 AZN - 48 AZN (standart nömrənin orta tarifi əsasında) | Lüks nömrə, siqaret çəkməyənlər üçün nömrə, ailəvi, siqaret çəkənlər üçün nömrələr |
“Sahil Hotel& Hostel” | 17 | Bar/lobbi Fitnes mərkəzi Səhər yeməyi mümkündür Kimyəvi təmizləmə | 10 AZN – 18 AZN (standart nömrənin orta tarifi əsasında) | Siqaret çəkməyənlər üçün nömrə, Ümumi mətbəx, ailəvi nömrələr |
“Capital Hostel Baku” | 6 | Restoran Səhər yeməyi daxil Bar/lobbi Kimyəvi təmizləmə | 29 AZN - 31 AZN (standart nömrənin orta tarifi əsasında) | Lüks nömrə, Mini-mətbəx, siqaret çəkməyənlər üçün nömrə, |
“Centrum Hostel Baku” | 6 | Restoran Səhər yeməyi daxil Bar/lobbi Kimyəvi təmizləmə | 19 AZN - 49 AZN (standart nömrənin orta tarifi əsasında) | Mini-mətbəx, siqaret çəkməyənlər üçün nömrə, siqaret çəkənlər üçün nömrə |
“Salam Hostel” | 3 | Səhər yeməyi mümkündür | 10AZN - 43 AZN (standart nömrənin orta tarifi əsasında) | Mini-mətbəx, siqaret çəkməyənlər üçün nömrə |
Voyage Hostel | 4 | Restoran Səhər yeməyi mümkündür Pulsuz avtodayanacaq Kondissioner Mini-bar Siqaret çəkməyənlər üçün hostel Kimyəvi təmizləmə | 27 AZN - 48 AZN (standart nömrənin orta tarifi əsasında) | Siqaret çəkməyənlər üçün nömrə, ailəvi nömrə |
Baku Mint Hostel | 2 | Kondissioner Mini-bar Siqaret çəkməyənlər üçün hostel | 19 AZN - 36 AZN (standart nömrənin orta tarifi əsasında) | Mini-mətbəx, siqaret çəkməyənlər üçün nömrə, ailəvi nömrə |
“Baku Old City Hostel” | 4 | Mağaza Suvenir mağaza Nömrəyə səhər yeməyi Kitabxana Velosiped icarəsi Yüklərin saxlanması | 32 AZN-danbaşlayaraq (standart nömrənin orta tarifi əsasında) | Hosteldə siqaret çəkmək qadağandır. Ailəvi nömrələr |
Sherlock HolmesHostel | 5 | Ödənişsiz avtodayanacaq Səhər yeməyi mümkündür | 19 AZN - 114 AZN (standart nömrənin orta tarifi əsasında) | Mini-mətbəx, siqaret çəkməyənlər üçün nömrə, ailəvi nömrə |
“Zion hostel” | 2 | Ödənişsiz avtodayanacaq Səhər yeməyi mümkündür Bar/lobbi Ev heyvanlarını gətirməyə icazə var | 27 AZN - 50 AZN (standart nömrənin orta tarifi əsasında) | Cəmi 2 nömrə: Ümumi 12 nəfərlikdir. İkinci nömrə ailəvidir, 2 nəfərə nəzərdə tutulub. Mini-mətbəx, siqaret çəkməyənlər üçün nömrə, ailəvi nömrə |
“Baku Hostel by BayGan” | 3 | Səhər yeməyi daxildir Bar/lobbi | 26 AZN - 51 AZN (standart nömrənin orta tarifi əsasında) | Mini-mətbəx, siqaret çəkməyənlər üçün nömrə, siqaret çəkənlər üçün nömrə |
Hazırladı: Cəmilə Amirova
Bakucity.az