Paytaxt küçələrində elektriklə işləyən avtomobillər olacaq
Son dövrlərdə Bakının ekologiyasına dair ciddi tədbirlər həyata keçirilir. Bu məsələyə birbaşa ölkə prezidenti və dövlət nəzarət edir. İri restoranların, şadlıq saraylarının və daş karxanalarının cərimələnməsi, hətta qapadılması, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik torbaların istifadəsinin qadağan olunmasının planlaşdırılması kimi addımlar məsələnin ciddiyyətindən xəbər verir.
Mövzunun aktuallığını nəzərə alaraq, Bakucity.az bu dəfə Bakının ekoloji problemləri barədə araşdırma aparmaqlar qərarına gəldi. Beləliklə, paytaxtın ekologiyasının çirklənməsinin əsas səbəbləri nədir və onların qarşısı necə alına bilər, bu yazıda biləcəksiniz.
“Ekologiyaya əsas ziyanı plastik paketlər vurur”
Saytımıza açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə Bakının əsas ekoloji problemlərinə toxunub:
“Ekolji problemlər Xəzərin və atmosfer havasının çirklənməsiylə bağlıdır. Şəhərdə xeyli ərazi neft tullantıları və digər zərərli maddələrlə çirklənib. Ekologiyaya əsas ziyan vuran materiallardan biri də plastik paketlərdir. Onların çürüməsi yüzlərlə il vaxt alır. Plastik materiallar torpağa düşəndə, onun funksionallığını xeyli azaldır, bu da bitkilərin normal böyüməsinin qarşısını aır. Öz növbəsində bu, sonda iqtisadi itkilərə gətirib çıxarır”.
Rasim Səttarzadə qeyd edir ki, hal-hazırda plastik materiallardan istifadənin məhdudlaşdırılması üçün işlər görülür.
Havanın çirklənməsinə gəlincə isə, ekspertin sözlərinə görə, havanı əsasən avtomobillərdən (80%) çıxan tüstü və zərərli qazlar çirkləndirir: “Bundan başqa, şəhərdəki sənaye, ictimai iaşə obyektlərinin, daş karxanalarının da bu məsələdə öz payı var”.
Ekspertin dediyinə görə, bərk məişət tullantılarının idarə edilməsi üzrə bir sıra qaydalar mövcuddur. Bu qaydalara əsasən zibil vaxtında yığışdırılmalı, onların atılması üçün müvafiq yerlər olmalıdır.
Yeni innovasiyalar tətbiq olunacaq
“Əgər tullantılarda bağlı zəruri tədbirlər görülməsə, bu həm ekologiyaya, həmdə insan sağlamlığına ciddi zərər göstərəcək, - ekspert bildirir və əlavə edir: Ölkənin digər yerləriylə müqayisədə paytaxtda bu sahədə vəziyyət pis deyil. 2012-ci ildən ildən paytaxtda 500 min ton gücünə malik zibilyandırma zavodu fəaliyyət göstərir. Həmçinin ildə 200 min ton gücündə tullantı ayırma qabiliyyəti olab zavod da fəaliyyət göstərir. Həmçinin tullantılar üçün şəhər poliqonları yaxşı vəziyyətə gətirilib. Hazırda innovasiyaların tətbiqi və bərk məişət tullantılarının idarə olunması ilə bağlı strategiya təsdiqlənib”.