2018-ci ildə Bakıda keçirilən ən vacib tədbirlər – TOP 10

2018-ci ildə Bakıda keçirilən ən vacib tədbirlər – TOP 10

Bakı bu il də bir-birindən vacib tədbirlərə ev sahibliyi edib

Artıq 2018-ci ili yola salmaq üzrəyik. İlin başa çatmasına artıq sayılı günlər qalıb.  Bakı hər zaman olduğu kimi, bu il də bir-birindən vacib tədbirlərə ev sahibliyi etdi. Bunların içərisində həm qlobal əhəmiyyətli, həm də ölkə əhəmiyyətli tədbirlər var. Bu tədbirlər Bakının getdikcə daha da  əhəmiyyətli bir şəhərə çevrilməkdə olduğunu göstərir. Beləliklə, BakuCity.az oxucularına 2018-ci ildə paytaxtda baş tutan ən əhəmiyyətli 10 tədbirin siyahısını təqdim edir. 

1. "Cümhuriyyətin 100 illiyi" – tədbirlər silsiləsi

2018-ci il Azərbaycan tarixində xüsusi əhəmiyyətli bir oldu. Belə ki, bu il 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olurdu. Bu tarixi dövrlə əlaqədar olaraq, Bakıda noyabrın 30-dan dekabrın 1-dək “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Lakin bu cümhuriyyətin ildönümü ilə əlaqədar yeganə tədbir deyildi. Paytaxtda həmçinin Prezident İlham Əliyev və yüksəkçinli rəsmilərin iştirakı ilə bu tarixi hadisə ilə bağlı çox sayda silsilə tədbirlər keçirilib. 

2. VI Qlobal Bakı Forumu

15 Martda başlayan forum üç gün davam edib. Bakıda keçirilən VI Qlobal Bakı Forumuun mövzusu “İnklüziv cəmiyyətlərin yaradılması üçün fərqlərin aradan qaldırılması” olub.

2018-ci ildə Bakıda keçirilən ən vacib tədbirlər – TOP 10, fotoşəkil-1

Bu il Forumda Yaxın Şərqdəki sülh və təhlükəsizlik məsələləri, Balkan ölkəsindəki mövcud geosiyasi vəziyyət, gənclərin ictimai və siyasi həyatda artan rolu və s. müzakirə olunub. Forumda müxtəlif ölkələrin dövlət başçıları və rəsmi nümayəndələr iştirak edib.

3. “Formula 1”Qran Prisi 

27-29 aprel tarixlərində Bakıda növbəti “Formula 1” Qran Prisi keçirildi. Bu tədbir də yüksək səviyyədə təşkilatçılığı ilə yadda qaldı. Azərbaycan “Formula 1” Qran Prisinin 2018-ci ildə dünyada ən çox izlənilən yarışlardan biri seçilməsi turnirin Bakı üçün əhəmiyyətini göstərir. 

4. “Global Influencer Day”, robot Sofiya Bakıda

"Global Influencer Day" sənaye mütəxəssislərini, influenserləri, brend və biznes sahiblərini bir araya toplayan qlobal konqresdir. Konqresdə 5 qitədən və 30 ölkədən turizm, bank, moda, ərzaq, sağlamlıq, fitnes və s. sahələrini təmsil edən çox sayda şəxs qatılıb. 

2018-ci ildə Bakıda keçirilən ən vacib tədbirlər – TOP 10, fotoşəkil-2

27-28 oktyabr tarixlərində Bakıda təşkil olunmuş “Global Influencer Day” tədbirində dünyaca məşhur robot Sofiya da iştirak edib. 

5. “Xəzər Enerji Forumu” 2018 

19-20 sentyabrda Bakıda Beynəlxalq Xəzər Enerji Forumu (Caspian Energy Forum - 2018) keçirilib. 

Forumda dünyanın 50 ölkəsindən 1500-dən çox nümayəndə iştirak edib. Onların arasında dövlət başçıları və yüksəkçinli rəsmilər yer alıblar. Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə keçirilən “Caspian Energy Forum” biznes-hökumət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin yaranması, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşlərinin təşkili, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklər üçün münbit şərait yaradan ənənəvi meydandır.

6. “Bakutel” 2018

4-7 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi keçirilib. 

2018-ci ildə Bakıda keçirilən ən vacib tədbirlər – TOP 10, fotoşəkil-3

Sərgidə banklar üçün yeni nəsil IT həlləri, şəhər nəqliyyatı, pərakəndə satış, "Ağıllı Şəhər" (“Smart City”) sistemləri, 4G-5G mobil texnologiyalar, süni intellekt, optik lifli texnologiya və "bulud" texnologiyaları üzrə xidmətlər nümayiş olunub. 

“Bakutel 2018” sərgisində 10 ölkə - İtaliya, İran, BƏƏ, Belarus Respublikası, ABŞ, Sloveniya, Türkiyə, Fransa, Xorvatiya və Polşa milli stendlər ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva “Bakutel 2018” sərgisi ilə tanış olub.

7. Beynəlxalq Xəzər Neft və Qaz sərgisi 

Mayın 29-undan iyunun 1-dək “Baku Expo Center” sərgi mərkəzində  XXVI Beynəlxalq Xəzər neft və qaz sərgisi keçirilib. "CaspianOil&Gas 2018" sərgisində 38 ölkədən neft-qaz işləri aparan və servis xidməti göstərən 312 şirkət iştirak edib. 

8. "World Food Azerbaijan" sərgisi

Mayın 16-sında Bakıda XXIV Azərbaycan Beynəlxalq qida sənayesi sərgisi fəaliyyətə başlayıb. Sərgidə 34 ölkədən 402 şirkət iştirak edib.

2018-ci ildə Bakıda keçirilən ən vacib tədbirlər – TOP 10, fotoşəkil-4

Sərginin keçirilməsində məqsəd iştirakçı ölklərin hələ bazara çıxarılmayan yeni məhsullarının  nümayişidir. 

Sərgidə Azərbaycan, Belorusiya, Belçika, İspaniya, İtaliya, Qazaxısatn, Rusiya, Yunanıstan, Macarıstan və başqa ölkələrin aparıcı şirkətləri iştirak edib.

9. Beynəlxalq elektron ticarət forumu 

24-25 sentyabr tarixlərində Bakıda Elektron Ticarət Forumu keçirilib.  Forum ölkədə elektron ticarətin inkişafı məqsəditlə keçirilib. 

Tədbirdə beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar və startaplardan ibarət 300-dən çox yerli və xarici nümayəndə iştirak edib. Forum çərçivəsində elektron ticarətlə məşğul olan yerli startapların sərgisi də keçirilib.

10.  Bakıda ilk milli turizm sammiti 

Oktyabrın 18-də Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Milli Turizm Sammiti keçirilib. Sammitdə Azərbaycanın yeni turizm brendi təqdim edilib.

2018-ci ildə Bakıda keçirilən ən vacib tədbirlər – TOP 10, fotoşəkil-5

Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümündə keçirilən sammitdə dövlət orqanlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, turizm sənayesinin, yerli və xarici tərəfdaş şirkətlərin, ictimaiyyətin təmsilçiləri daxil olmaqla, ümumilikdə, 1500-dən çox nümayəndə iştirak edib.

Hazırladı: Cəmilə Amirova 

BakuCity.az

Bakı 2018 tədbirlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər