2018-ci ildə Bakıda açılışı olan mühüm obyektlər - Top-10

2018-ci ildə Bakıda açılışı olan mühüm obyektlər - Top-10, Javid

Bu il paytaxtda fəaliyyətə başlayan obyektlər.

Artıq 2018-ci ilin son ayını yaşayırıq. Bu il Bakıda bir-birindən əhəmiyyətli obyektlərin açılışı və istifadəyə verilməsi ilə yadda qalıb. Müxtəlif fəaliyyət sahələri üzrə istismar ediləcək bu məkanlar həm şəhərin gözəlliyinə gözəllik qatacaq, həm də sakinlərin xidmətində duracaqlar.

Bakucity.az 2018-ci ildə Bakıda fəaliyyətə başlayan ən əhəmiyyətli obyektlərin onluğunu hazırlayıb. Siyahını təqdim edirik. 

1. "Bona Dea" Beynəlxalq Hospitalı

2018-ci il martın 27-də Bakıda “Bona Dea” Beynəlxalq Hospitalı açılıb. 

Hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada ən müasir standartlara cavab verən müalicə ocaqlarındandır. Hospitalda ümumilikdə 850 nəfərdən ibarət tibbi heyətin işləməsi üçün imkanlar var.

Burada 206 çarpayılıq yer, həmçinin 12 yerlik təcili-tibbi yardım şöbəsi fəaliyyət göstərir.

2018-ci ildə Bakıda açılışı olan mühüm obyektlər - Top-10, fotoşəkil-1

2. Bakı Statistika İdarəsinin yeni inzibati binası

2018-ci ildə bir çox dövlət tikililəri yeniləndi ki, bunlardan biri də, martın 7-də açılışı olan Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasıdır. 6 mərtəbədən ibarət, 166 nəfərin çalışacağı bu binada işçilərin rahatlığı üçün hər cür şərait var.

3. Bakıda yeni kartinq mərkəzi

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin təşkilatçılığı və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə Su İdmanı Sarayının ərazisində yaradılmış Bakı Şəhər Kartinq Mərkəzi aprelin 20-də açılıb.

Ölkədə ən böyük kartinq mərkəzi olan bu məkanda, 802 metrlik trek 22 döngədən ibarətdir. 

4. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi

Paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi 14 mayda istifadəyə verilib. 

2018-ci ildə Bakıda açılışı olan mühüm obyektlər - Top-10, fotoşəkil-2

Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Burada müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. 

Limanda bütövlükdə müxtəlif təyinatlı 72 bina və qurğu inşa olunub. 

5. Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu

May ayının 22-də Bakının Suraxanı rayonunda "ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodu işə başlayıb. 

Ümumi sahəsi 18 min kvadratmetr olan zavod 7 istehsal sahəsindən - bərk izolyasiya, kabel və mis anod istehsalı, əritmə və ekstruziya, mexaniki emal, yığma və sınaq sahələrindən ibarətdir. Zavodda 310 iş yeri açılıb.

6. "Qobu Park" yaşayış kompleksi

Bu il may ayının 24-də qaçqın və məcburi köçkünlər üçün inşa edilən “Qobu Park” yaşayış kompleksinin də açılışı olub.

Kompleksin ümumi sahəsi 6,4 hektardır. Layihənin sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK-dır. Yaşayış kompleksinin təməli 2017-ci il mayın 30-da Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub. 

7. Abşeron Logistika Mərkəzi

Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin 13 avqustda istifadəyə verilib.  

2018-ci ildə Bakıda açılışı olan mühüm obyektlər - Top-10, fotoşəkil-3

İnşasına 2017-ci ilin aprelində başlanılan müəssisə ilk mərhələdə 28 hektar ərazidə dəmir yolu və avtomobil yollarının qarşılıqlı əlaqəsini təmin edərək logistika xidməti göstərməyə başlayıb. İkinci mərhələdə isə 35 hektar ərazi üçün layihə hazırlanıb. 

Mərkəzdə 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kvadratmetrlik qapalı anbar sahəsi xidmət göstərir. 

8. Bakı Kitab Mərkəzi

Sentyabrın 1-də fəaliyyətə başlayan Bakı Kitab Mərkəzinin rəsmi açılışı isə 28 avqustda keçirilib. Burada Azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə 10 mindən çox kitab var. Mərkəzin əsas məqsədi - oxucularda xalqın mədəni, mənəvi dəyərlərini və faydalı bilikləri daşıyan kitaba marağı oyatmaqdır.

9. "Dinamo" hoteli

Bakıda daha bir otelin – “Dinamo”nun açılışı 11 mayda gerçəkləşib. 

28 otaqdan ibarət, ümumi sahəsi 7500 kvadratmetrə yaxın olan oteldə üzgüçülük hovuzu və SPA fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 100 milyon manatdır. 

2018-ci ildə Bakıda açılışı olan mühüm obyektlər - Top-10, fotoşəkil-4

10. Müasir Təhsil Kompleksinin yeni binası

Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılış mərasimi bu il 15 mayda reallaşıb. 

Azərbaycanın ilk özəl təhsil müəssisələrindən olan kompleks üç hissədən - uşaq bağçası, orta ümumtəhsil məktəbi və orta məktəbdən ibarətdir, onların hər birində üç bölmə - Azərbaycan, rus və ingilis bölmələri fəaliyyət göstərir. 

Hazırladı: Ramilə Qardaşxanqızı

BakuCity.az

TOP 10
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər