DYP sürücülərə qəti xəbərdarlıq etdi: müvafiq addımlar atılacaq

DYP sürücülərə qəti xəbərdarlıq etdi:  müvafiq addımlar atılacaq

Dövlət Yol Polisindən açıqlama

Bakucity.az xəbər verir ki, son günlər minik avtomobilləri ilə yükdaşıma fəaliyyəti göstərən və istismara yararsız nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən törədilən yol-nəqliyyat hadisələri və digər xoşagəlməz hallar çoxalıb. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bəzi məqamları həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin və digər hərəkət iştirakçılarının diqqətinə çatdırır.

Yol polisinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edənlərin əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Bəziləri hətta müvafiq sənədlər olmadan belə, bu cür nəqliyyat vasitələrini idarə edir.

Bəzən belə avtomobilləri bir neçə sürücü ayrı-ayrı vaxtda idarə edir. Yəni sürücülər buna sadəcə yükdaşıma vasitəsi kimi baxırlar. Onlar avtomobili nəqliyyat vasitəsi kimi saz vəziyyətdə saxlamırlar. Bununla yanaşı, nəqliyyat vasitəsinin işıq cihazları nasaz vəziyyətdə olur, əyləc sistemi işləmir. Bu da yol hərəkəti qaydalarının kobud şəkildə pozulması deməkdir.

Yol polisi bu cür avtomobilləri idarə edən şəxslərin diqqətinə çatdırır ki, onlara qarşı nəzarət gücləndirilib. Bundan sonra yükdaşıma qaydalarını pozduqlarına görə onların barəsində qəti tədbirlər görüləcək. İstismara yararsız olan nəqliyyat vasitələrinin cərimə meydançasına aparılması təmin ediləcək və digər müvafiq addımlar atılacaq.

Yol Polisi onu da qeyd edir ki, bu cür avtomobilləri idarə edən bəzi sürücülər yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılarkən müxtəlif təzyiq üsullarına əl atır, özlərinə xəsarət yetirəcəklərini bildirirlər, sosial vəziyyətlərini önə çəkməklə və digər vasitələrdən istifadə edərək məsuliyyətdən yayınmağa çalışırlar. Lakin Dövlət Yol Polisi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edən şəxslərin əksəriyyətinin normal yaşayış şəraiti var, saz vəziyyətdə olan digər avtomobilə sahibdir. Ancaq ucuz başa gəlsin deyə, istismara yararsız olan nəqliyyat vasitələrini 300-500 manata əldə edib, bu cür vasitə ilə pul qazanmağa çalışırlar. Bu isə yol hərəkəti təhlükəsizliyi üçün ciddi əngəldir və onu aradan qaldırmaq hər bir hərəkət iştirakçısının borcudur.

Baş Dövlət Yol Polisi İdarəsi bu cür nasaz nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edərək bildirir ki, nəqliyyat vasitələrini saz vəziyyətə gətirsinlər, nasaz nəqliyyat vasitəsi idarə etməsinlər. Ümumiyyətlə, dəmirlərin və ağır yüklərin daşınması yalnız yük avtomobilləri vasitəsilə həyata keçirilməli və avtomobilin yük yerində daşınmalıdır. Nəqliyyat vasitəsinin damında dəmir parçalarının daşınması qadağandır. Odur ki, sürücülər qayda pozuntularına yol verməsinlər.

Bakucity.az

DYP Sürücü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər