Sərgidə 150-dən çox rəsm təqdim olunub
Bakucity.az xəbər verir ki, Rusiya İnformasiya-mədəniyyət mərkəzində "Rusiya və Azərbaycan dostluğu - nəsildən-nəslə" bədii sərgisi nümayiş etdirilib.
Sərgi "Rossotrudniçestva"nın Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən keçirilib. Layihənin təşkilatçıları Rəssamlar İttifaqının üzvləri – Elnurə və Aygün İsgəndərova olublar.
Sərgidə 150-dən çox rəsm təqdim olunub. Qeyd etmək lazımdır ki, onların müəllifləri müxtəlif nəsillərin nümayəndələridir və bu tədbirin miqyasının genişliyini göstərir. Rəsmlərin süjetləri Rusiya və Azərbaycanın təbiət peyzajları üzərində qurulub. Bir çox işlər iki ölkənin ümumi tarixinin görkəmli insanlarına və hadisələrinə həsr olunub.
Sərginin mövzusu Yeni İl olduğundan bir çox iştirakçılarının işləri qarşıdan gələn bayrama həsr olunub.
"Dostluq və əmin-amanlıq şəraitində yaşamaq bizim hamımız üçün çox vacibdir. Rəssam kimi məhz bunu əsərlərimizdə göstərmək istərdik. Bu layihədə biz rəssam, həm də təşkilatçı kimi çıxış edirik. Bu sərgiyə biz hər xırda detalı nəzərə almağa çalışaraq çox diqqətlə hazırlaşmışıq. Ümid edirik ki, uğurlu alınıb. Əsas odur təkcə ölkə daxilində deyil, onun hüdudlarından uzaqlarda vətənin rifahı naminə çalışan istedadları göstərə, onları təqdim etməyi bacardıq” – deyə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, "Rusiya və Azərbaycan Dostluğu nəsildən-nəslə" layihəsinin təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar Bakucity.az-a bildiriblər.
Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının üzvü İslam Gülməmmədov və "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov qonaqları salamlayıblar.
Sərgi iştirakçılarına Azərbaycan rəssamlar İttifaqının və "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin diplomları təqdim edilib.
Tanınmış cazmen, Azərbaycanın əməkdar incəsənət xadimi Cavan Zeynallının virtuoz ifası da yaddaqalan məqamlardan olub. Tədbir iştirakçıları və qonaqlar məmnuniyyətlə maestro ilə birlikdə oxuyublar. Sərgi iki dövlət arasındakı dostluğun və mehribanlığın nişanəsi kimi təqdim edilib.
Hazırladı: Cəmilə Amirova
Bakucity.az