Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey açılacaq

Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey açılacaq

Dekabrın 22-də Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey açılacaq.

Bakucity.az xəbər verir ki, azarkeşlər 17 gün ərzində fəaliyyət göstərəcək muzeyi ziyarət edə bilərlər. 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında qurulacaq “Avropa Liqası muzeyi” 3 hissədən ibarət olacaq.

Qonaqlar girişdə yerləşdiriləcək məlumat zonasında qeydiyyatdan keçərək tədbir barədə məlumat əldə edə biləcəklər.

Muzeydə Avropa Liqasının tarixini özündə əks etdirən eksponatlar – 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandaların və futbolçuların imzalı formaları, liqanın rəsmi oyun topu və final oyunlarında istifadə edilmiş imzalı oyun topları sərgilənəcək.

Həmçinin, muzeydə quraşdırılacaq monitorlarda Avropa Liqasının unudulmaz anları - final oyunlarında vurulmuş qollar və müxtəlif maraqlı məqamlar nümayiş etdiriləcək.

Oyun və istirahət zonasında qonaqlara rəngarəng proqramlar, futbolla bağlı bilik və bacarıqlarını nümayiş etdirə biləcəkləri yarışmalarda iştirak etmək imkanı veriləcək.

Muzeydə yerli və əcnəbi futbol ulduzları ilə imza günləri təşkil olunacaq. 

Muzey yanvarın 7-dək açıq olacaq.

UEFA Avropa Liqasının finalı isə 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bakucity.az

Avropa Liqası muzey
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər