Opera və Balet Teatrında yeni operanın premyerası olacaq

Opera və Balet Teatrında yeni operanın premyerası olacaq, Javid

Cakomo Puççininin “Manon Lesko” operasının premyerası olacaq

Bakucity.az xəbər verir ki, dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Manon Lesko” operasının premyerası olacaq.

Mədəniyyət Nazirliyindən bildirilib ki, səhnə əsərində Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər, “Humay” mükafatı laureatı Afaq Abbasova, Fərid Əliyev, Tural Ağasıyev və solist Fəhmin Əhmədli çıxış edəcək.

Əsas partiyanı ifa etmək üçün Ukrayna Milli Operasının solisti, bu ölkənin Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Pyotr Primak dəvət olunub. Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi Mikola Tretyak, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.

Baş rolun ifaçısı Afaq Abbasova bu əsərin Azərbaycanda ilk dəfə olaraq səhnələşdirildiyini qeyd edərək deyib: “Üç il əvvəl biz əsəri Opera və Balet Teatrında konsert formasında təqdim etmişdik. Artıq bu dəfə opera-tamaşa kimi hazırlamışıq. Uzun müddətdir gərgin məşqlər gedir. Tamaşada teatrımızın aparıcı heyəti və böyük tərkibdə xor kollektivi çıxış edəcək. C.Puççininin ən çətin dram operalarından olan “Manon Lesko” bizdən böyük məsuliyyət tələb edir. Bu tamaşa bütün dünyada səhnədə öz sözünü demiş soprano və tenorlar tərəfindən ifa olunur. Gənc bir xanımın həyat dramından bəhs edən əsərin partiyaları heç də asan deyil”.

Qeyd edək ki, “Manon Lesko” Cakomo Puççini yaradıcılığında xüsusi yeri olan əsərlərdən biridir. Operanın librettosu Antuan Fransua Prevonun Avropada çox populyar olan “Kavaler de Qrie və Manon Leskonun sevgi tarixçəsi” romanının motivləri əsasında yazılıb. Tamaşanın premyerası 1893-cü ildə İtaliyanın Turin şəhərində reallaşıb.

Bakucity.az

“Manon Lesko” operası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər