Bakıda satılan kontakt linzalar zərərlidirmi? - ARAŞDIRMA

Bakıda satılan kontakt linzalar zərərlidirmi? - ARAŞDIRMA, Javid

Mütəxəssislər xəbərdarlıq edir

Bu gün şəhərimizdə çox sayda rəngli və estetik kontakt linzalar satılır. Bununla yanaşı, eynək istifadə etmək istəməyən və ya cərrahiyyə əməliyyatına hazır olmadıqlarından optik linzalardan yararlanan insanlar üçün də xüsusi linzalar təklif edilir. Bakının apteklərində və optik mərkəzlərində ürəyiniz istədiyi qədər linza tapa bilərsiniz. Amma linza seçimində də ehtiyyatlı olmaq lazımdır,  çünki keyfiyyətsiz məhsul göz sağlamlığına zərər vura bilər. Bakucity.az saytı kontakt linzalarla bağlı araşdırma aparıb. Bakıda satılan kontakt linzalar barədə hər cür vacib məlumatı bu araşdırmadan əldə edə bilərsiniz.  

Ekspert rəyi

Bakucity.az saytına verdiyi açıqlamada Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin eksimer-lazer şöbəsinin əməkdaşı, oftalmoloq Mirana Mirişova kontakt linzalarla bağlı ümumi məlumat verib:

“Müayinə zamanı oftalmoloq fərdi olaraq hər bir xəstə üçün uyğun olan istifadə rejimi və kontakt linzaların dəyişdirilməsinin müntəzəmliyini müəyyən etməlidir. Lakin nəzərə almaq lazımdır ki, linzanın əks təsirləri də ola bilər. Bu əks təsirlərə misal kimi aşağı kornea həssaslığını, yoluxucu göz xəstəliklərini (blefarit, dakriotsistit, konyunktivit, müxtəlif etioloji keratitlər), göz yaşı mayesinin tərkibinin pozulmasını, qlokom, AİDS, vərəm və s. xəstəlikləri göstərmək olar".

Mirişova rəngli kontakt linzaların çox aşağı oksigen keçiriciliyinə malik olduğunu qeyd edib. Buna görə də linzalar gündə maksimum 6-8 saat istifadə edilməlidir. İstifadə qaydalarına düzgün əməl etdikdə, linza gözə zərər vermir.

Bakıda satılan kontakt linzalar zərərlidirmi? - ARAŞDIRMA, fotoşəkil-1

“Oftalmoloqda ilkin yoxlama olmadan, kontakt linzalardan istifadə etmək tövsiyyə edilmir - deyə ekspert davam edib: Əks təqdirdə xəstə gözlərinin sağlamlığına zərər verə bilər. Linzalar reseptsiz satılsa da, xəstə üçün hansı kontakt linzanın münasib olduğunu yalnız həkim müəyyən edə bilər".

Kontakt linzalar reseptsiz satılmamalıdır

Oftalmoloq qeyd edib ki, şəhərin bəzi optik mağazalarında kontakt linzalar reseptsiz satılır:

"Hər bir insan ilk növbədə gözlərinin sağlamlığına diqqət yetirməlidir və optik seçimə məsuliyyətlə yanaşmalıdır. Bakıda bəzi optik mağazalarda linzalar reseptsiz satılır. Amma yaxşı məhsul satan peşəkar optik mağazalar linzaları həkim icazəsi olmadan, yəni reseptsiz satmır".

Linzanın istifadə müddəti nə qədər qısa olsa, o qədər yaxşıdır

Paytaxtdakı "Optik Gallery"-nin satış meneceri Mətanət Şabanova bildirib ki, Bakı bazarında əsasən silikon-hidrogel və hidrogel kontakt linzaları mövcuddur:

"Silikon-hidrogel və hidrogel kontakt linzaları, öz növbəsində, gündüz və gecəyə bölünür. Bir dəfəlik, bir aylıq və ya daha uzun müddət istifadə edilən növləri var", - deyə menecer bildirib.

Şabanovanın sözlərinə görə, bir günlük linzalar daha faydalı hesab olunur. Həmin linzalar daha elastik, yumşaq, incə və gözlər üçün daha az zərərsizdir. Oksigen keçiriciliyi sayəsində bu linzalar həssas gözlər üçün uyğundur. Bundan əlavə, birdəfəlik linzaların daimi dezinfeksiya edilməsinə ehtiyac yoxdur.

"Lakin, - satış məsləhətçisi davam edir, - bir günlük linza almaq maliyyə baxımdan sərfəli deyil və hər kəs onu ala bilmir. Belə olan təqdirdə iki həftəlik və ya aylıq linzalar almaq məsləhətlidir. Linzanın istifadə müddəti nə qədər qısa olsa o qədər yaxşıdır. Bu prinsip rəngli linzalar üçün də keçərlidir".

Bakıda satılan kontakt linzalar zərərlidirmi? - ARAŞDIRMA, fotoşəkil-2

Linza alarkən hansı detallara diqqət yetirilməlidir 

Mütəxəssislər ilə söhbətdən məlum oldu ki, keyfiyyətsiz kontakt linzalardan qaçmaq üçün satış mərkəzlərini diqqətlə seçmək lazımdır. Bu, bütün zəruri sertifikatlara və lisenziyalara sahib mağaza olmalıdır. Məhsulda istehsalçının xüsusi loqosu olmalıdır. Çin və İran istehsalı linzaları almaq məsləhət görülmür. Çünki həm keyfiyyət məsələsi var, həm də bu məhsullar ölkə bazarına qeyri-qanuni yollarla keçirilmiş ola bilərlər. 

"Acuvue Oasys" və "Bausch+Lomb Ultra" şirkətləri ən etibarlıları sayılır. "Johnson & Johnson" və "Alcon" linzaları, "Air Optic Aqua" da uzun illərdir bazardadırlar və keyfiyyətləri ilə məşhurdurlar.

Sonda isə bir daha qeyd etmək yerinə düşər ki, bu vasitələri almazdan əvvəl mütləq həkimə müraciət edilməlidir. Optik mağaza və məhsulu seçərkən də diqqətli olmaq lazımdır. Yalnız bu hallarda siz yüksək keyfiyyətli linzalar əldə edə bilərsiniz. 

Sonda oxucularımıza kontakt linzaların qiymət cədvəlini təqdim edirik: 

Bakucity.az

Optik mağazalar

Xərclər

Optik olanlar

Rənglilər

“Visus Optik”

        50-72 AZN

30-60 AZN

“Emin Optik”

 60-170 AZN

40-60 AZN

“ISI Optik Mərkəzi”

15-110 AZN

15-45 AZN

“Optik Gallery”

       30-65 AZN

30-40 AZN

“Avis Optik”

64-150 AZN

42-55 AZN

“Majesty Optic”

50-370 AZN

50-70 AZN

Kontakt Linza Araşdırma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər