Bakıda süni intellekt seminarı keçirildi - FOTO

Bakıda süni intellekt seminarı keçirildi - FOTO

Süni intellektin sahibkarlıq sahəsinə təsirindən danışılıb.

Bakucity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşkilatçılığı ilə “Süni intellekt – innovasiyalar və sahibkarlıq üçün imkanlar” mövzusunda seminar keçirilib.

 Seminarın keçirilməsində əsas məqsəd süni intellektin innovativ sahibkarlıq sahəsində tətbiqi imkanlarının müzakirəsi, bu sahədə fəaliyyət göstərən yerli layihələrin təqdimatı və ümumiyyətlə, süni intellekt sahəsi üzrə müzakirələrin aparılmasından ibarət olub.

Seminarda innovasiya sahibkarlığının inkişafı üzrə süni intellekt məhsullarının tətbiqinin xarakterik xüsusiyyətləri, əsas texnoloji proseslərin avtomatlaşdırılması, süni intellektdən sahibkarlıq sahəsində istifadəyə dair dünya ölkələri üzrə statistik göstəricilər, innovasiya sahibkarlığının inkişafı üçün əlverişli şərait yaradılmasında dövlət idarəetmə orqanlarının rolu, ümumdaxili məhsulda yüksək gəlirliliyin əldə olunması məqsədilə süni intellektin sahibkarlıq sahəsinə tətbiqi kimi məsələlər haqqında danışılıb. 

Qeyd olunub ki, son illər telekommunikasiya, elektron ticarət, nəqliyyat, səhiyyə, maliyyə və digər istehsalat sahələrində olduğu kimi, artıq innovativ sahibkarlıq sahəsində də süni intellekt məhsullarının tətbiqinə geniş yer verilir. 

Bundan irəli gələrək qeyd edilən sahələrdə yaxın bir neçə ildə süni intellekt texnologiyaları, proqram təminatı və onların tətbiqinə yatırılan investisiyaların həcmi artmaqdadır.

Məlumat verilib ki, dünya təcrübəsində süni intellekt informasiya texnologiyaları sahəsinin mövcud istiqamətləri arasında ən çox gəlir gətirən sahələrdən biridir. Eyni zamanda süni intellektin inkişafı ölkələrin iqtisadiyyatında diversifikasiyanın gücləndirilməsinə təkan verir.

Bakucity.az 

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər