Paytaxtda vəzifəyə təyin olunanlar
2018-ci il, paytaxt Bakıda bir sıra rəsmi qurumlarda struktur dəyişiklikləri ilə yadda qaldı. Bu dəyişikliklər ölkədə vüsət alan islahatların bir parçası kimi qiymətləndirilir. Bakucity.az bu il Bakı şəhərinin strukturlarında baş tutan ən vacib təyinatları oxucuların diqqətinə çatdırır.
Eldar Əzizov – Bakı meri təyin olunub
Bu il noyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə Eldar Əziz oğlu Əzizov təyin edilib. E.Əzizov bundan əvvəl Gəncə, Sumqayıt şəhərlərinin və Səbail rayonununn icra başçısı kimi çalışıb.
Elxan Allahverdiyev – Binəqədiyə icra başçısı təyin olunub
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bu ilin mart ayında tutduğu vəzifədən azad edilib və onun yerinə isə Elxan Allahverdiyev təyin olunub. Elxan Allahverdiyev əvvəllər Fövqəladə Hallar nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib, polkovnik-leytenant rütbəsi daşıyır.
Vüqar Zeynalov – Səbailə icra başçısı təyin olunub
Vüqar Zeynalov Prezident İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 2012-2015-ci illərdə Nizami Kino Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2015-2018-ci illərdə isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Aydın Əzizov – Komissiya rəhbəri seçilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin müvafiq əmri ilə, Aydın Əzizov Bakı şəhərində yeni yaradılan 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə baş müdiri vəzifəsinə dekabrın 12-si təyin edilib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı olan Aydın Əzizov əvvəllər Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.
Firudin Qurbanov – BDU-ya rektor əvəzi gətirilib
Təhsil nazirinin müavini Firudin Qurbanov dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib. Bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. F.Qurbanov eyni zamanda təhsil nazirinin müavini vəzifəsində qalacaq. Firudin Qurbanov Bakı Dövlət universitetinin rektoru vəzifəsinin icrasına dekabrın 24-ü başlayıb.
Murad Mirzəzadə - Baş Səhiyyə idarəsinə rəis müavini gətirilib
2018-in sentyabrında səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Murad Mirzəzadə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini təyin edilib. Bundan əvvəl isə o, Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin Operativ və hospital işləri üzrə müavini vəzifəsində çalışıb.
Faiq Şahbazlı – Kollec direktoru təyin edilib
Təhsil Naziri Ceyhun Bayramovun 21 may 2018-ci il tarixli əmri ilə Faiq Şaban oğlu Şahbazlı Bakı İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunub.
F.Şahbazlı Azərbaycanın qabaqcıl təhsil işçisi, əməkdar müəllimidir.
Coşqun Cabbarov – Şöbə müdiri təyin edilib
Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Əli Əsgər оğlu Əsgərоv bu ilin sentyabrında vəzifədən azad edilib və həmin vəzifəyə Coşqun Adil оğlu Cəbrayılov təyin olunub. C.Cəbrayılov bundan əvvəl Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub.
Xalid Ələkbərov – “Lieftəmir”ə baş direktor gətirilib
Xalid Ələkbərov Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Liftəmir" İstehsalat Birliyinin baş direktoru vəzifəsinə bu ilin oktyabr ayında təyin edilib. Xalid Ələkbərov əvvəllər şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.
Cəlil Məlikov – Mədəniyyət Baş İdarəsinə rəis gətirilib
2018-in noyabrına təsadüf edən digər təyinat isə Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Cəlil Məlikovun Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmasıdır. C.Məlikov mədəniyyət nazirinin köməkçisi vəzifəsində çalışırdı. O, bundan öncə BŞİH-də şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri idi.
Hazırladı: Ramilə Qardaşxanqızı
Bakucity.az