Bakıda "Ali təhsilin rəqəmsal transformasiyası" seminarı keçirildi - FOTO

Bakıda "Ali təhsilin rəqəmsal transformasiyası" seminarı keçirildi - FOTO

"Cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsində universitetlər mühüm rol oynayır"

Bakucity.az xəbər verir ki, “Microsoft Azerbaijan” şirkəti Təhsil Nazirliyinin dəstəyi ilə Bakıda ali məktəblərin inzibati heyəti üçün "Ali təhsilin rəqəmsal transformasiyası" mövzusunda seminar keçirib. 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev bildirib ki, biliklərə əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində, milli innovasiya sisteminin formalaşmasında, cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsində universitetlər mühüm rol oynayır.

O, həmçinin qeyd edib ki, son illər Təhsil Nazirliyinin dəstəyi və müxtəlif qurumların iştirakı ilə ölkənin ali təhsil müəssisələrində innovasiya ekosisteminin qurulması ilə əlaqədar geniş tədbirlər təşkil olunur.

“Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov isə “Microsoft” və Azərbaycan hökuməti arasında dövlət strukturları və ali təhsil müəssisələri üçün proqram təminatı lisenziyalarının alınması ilə bağlı 3-illik saziş imzalandığını bildirib. 

“Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov çıxışında bildirib ki, bu ilin iyun ayında “Microsoft” və Nazirlik arasında dövlət strukturları üçün lisenziyalı proqram təminatının alınması haqqında saziş imzalanıb. Sazişin bağlanması zamanı “Microsoft” tərəfindən təqdim olunan “Tələbə üstünlükləri” proqramından da yararlanaraq Azərbaycanın bütün ali təhsil müəssisələrinin tələbələrinin fərdi kompüterləri üçün əlavə olaraq pulsuz “Windows” əməliyyat sistemi və “Office 365” proqramı ilə təmin olunacaq.

"Azərbaycanın təhsil sektorunun nümayəndələri arasında rəqəmsal transformasiyaya böyük marağın olmasına baxmayaraq onun icra prosesi hələ erkən mərhələdədir. “Microsoft” uğurlu rəqəmsal transformasiyanın dörd əsas açarını vurğulayır: tələbələrin cəlb edilməsi, müəllimlərə və tələbələrə dəstəyin göstərilməsi, təhsil müəssisələrinin optimallaşdırılması, tədris prosesinin transformasiyası. Tələbələrin cəlb olunması üçün təhsil müəssisələri rəqəmsal, interaktiv və fərdi məzmunları tətbiq etməlidir”, - deyə E.Axundov qeyd edib.

Tədbirdə Azərbaycanın bir sıra ali təhsil müəssisəsinin rektorları çıxış edib, təhsil ocağlarının rəqəmsal transformasiya barədə təcrübə mübadiləsi aparılıb.

Bakucity.az

Ali təhsilin rəqəmsal transformasiyası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər