Bakıda təsviri sənət janrlarına maraq artıb
Son illərdə Bakıda əsl bədii inkişaf müşahidə olunur. Şəhər sakinləri incəsənətlə ciddi şəkildə maraqlanırlar, çoxsaylı kurslara yazılırlar, sərgilərə qatılırlar. Xüsusilə rəssamlıq sahəsində baş verən bumun səbəbləri nədir, niyə insanlar birdən birə təsviri sənətlə bu cür yaxından maraqlanmağa başlayıblar. Bakucity.az bununla bağlı araşdırma aparıb. Materialımızı təqdim edirik.
İnsanlar incəsənətin yaradılmasında yaxından iştirak etmək istəyirlər
"Askerov Art Studio" studiyasının direktoru, rəssam Rüfət Əsgərov Bakucity.az ilə söhbətində Azərbaycanda təsviri sənətə həmişə xüsusi sevginin olduğunu bildirib.
"Xüsusən rəssamlıq bizdə həmişə populyar olub. Demək olar, Bakıda elə bir ev olmayıb ki, onun divarından rəsm asılmasın. Zənnimcə, bu gün bir çoxları artıq incəsənətin yaradılmasında birbaşa iştirak etmək qərara gəlib. Bu da çox sevindirici haldır. Mən həm rəssam, həm də müəllim kimi böyük məmnuniyyətlə onların yaradıcılıq təşəbbüslərində kömək edirəm. Məktəbimiz tez-tez şagirdlərimizin öz işlərini nümayiş etdirdiyi sərgilər təşkil edir", - deyə Əsgərov vurğulayıb.
Xidmətlərin müxtəlifliyi
Müşahidələr göstərir ki, təsviri sənətlə həm böyüklər, həm də uşaqlar maraqlanır. Müxtəlif kursların sahibləri, eyni yerdə qalmır, müştərilərin cəlb edilməsi üçün rəsmdən başqa digər xidmətlərin də seçimini təklif edirlər. Rüfət Əsgərovun dediyinə görə, onların məktəbində şagirdlərə naxış, lepka, bədii tikmə üzrə məşğələlər təklif edilir. Lepka dərslərində işlər xüsusi memarlıq plastiliniylə görülür. Uşaqlarla və böyüklərlə müxtəlif müəllimlər işləyir:
"Biz uşaqları 4 yaşından qəbul edirik. İndi bizdə kifayət qədər çox şagird, həmçinin əcnəbilər var. Qeyd etmək istəyirəm ki, məşğələlərin qiyməti həm uşaqlar, həm də böyüklər üçün eynidir. Bundan başqa, təsviri sənətin bütün növləri bizim studiyada vahid qiymətə öyrədilir. Şagirdlər istəsələr sənət növlərindəki məşğələləri növbələşdirə bilərlər", - deyə rəssam vurğulayır.
"Sedet Art Studio"da tanınmış rəssam Nəvai Mətindən öyrəndik ki, onlarda rəssamlıqdan başqa, bədii qrafika, lepka və dizayn da öyrədilir. Dərslər qrupla və fərdi şəkildə həftədə 2 dəfə aparılır. Fərdi dərslərin qiyməti 100 manatdan başlayır, lakin bu ali məktəbə və ya sərgilərə hazırlıq kimi təlimlərin məqsədindən asılı olaraq dəyişə bilər.
"Art School by Alyona Bandurina" şagirdlərə rəssamlıq dərsləri, eləcə də moda dizaynı və tikiş kursları təklif edir. Bu kurslarda şagirdlər bir qədər inkişaf etdikdən sonra tələbatın çox olduğu "Digital Art" və "3Ds Max" üzrə məşğələlərə keçirlər. Bu dərslərin qiyməti 100 AZN-dan başlayır. Alyona Bandurina gələcəkdə öz məktəbində fotoqrafiya kursları da keçirməyi planlaşdırır.
"Bizdə gələcəkdə "3Ds Max"da məşğələlər üç istiqamətdə: memarlıq, interyer və animasiya sahəsində olacaq və həmçinin 3D printerdə çap üzrə məşğələlər də keçiriləcək", - deyə Bandurina qeyd edib.
Kurslara əcnəbilər də maraq göstərir
Biz "Art Studiya Karvan" rəsm məktəbinin direktoru Təhminə Qəhramanova ilə də söhbət etdik.
Təhminə Qəhramanova açıqlamasında bunları dedi: "Rəsmdən başqa biz sənət üzrə ali məktəblərə abituriyent hazırlığı, dizayn, memarlıq dərsləri həyata keçiririk. Məktəbimiz bu yaxınlarda açılsa da, əcnəbilər də daxil olmaqla, müxtəlif yaş qruplarından olan şagirdlərimiz çoxdur. Uşaqlar üçün məşğələlər həftədə 2 dəfə keçirilir, qiymət 50 AZN-dir".
"Rahat Baku Art" təsviri incəsənət məktəbinin direktoru Sadət Müzəffərli isə məlumat verdi ki, məktəbdə onlar rəngkarlıqdan başqa, dulusçuluq işləri, heykəltəraşlıq və "Fashion design" öyrədirlər. Dərslər həftədə 2 dəfə keçirilir.
Araşdırmamız zamanı sonuncu müraciət etdiyimiz "Esr Art Studio" məktəbinin direktoru Gülər Mustafa fəaliyyətləri barədə açıqlama verdi, o qeyd etdi ki, rəsm dərslərindən başqa onlarda müxtəlif istiqamətlər üzrə ustad dərsləri də aparılır.
"Biz sabun bişirmə, şamların hazırlanması üzrə olan nəqqaşlıq, keramika və şüşəyə yazı və aksessuarların hazırlanması sahəsində ustad dərsləri keçirik. Belə tədbirlərin qiyməti 15 manatdan başlayır. Belə dərslər üçün bizə çox sayda insan, hətta əcnəbilər müraciət edir. Biz uşaqları 3 yaşından qəbul edirik. Dərslər üçün qiymət həftədə 1 dəfəyə 40 manata, həftədə 2 dəfəyə 70 manata başa gəlir. Bundan başqa, bizdə ali məktəbə daxil olmaq üçün xüsusi hazırlıq proqramı da var", - deyə direktor fikrini tamamlayıb.
Bu məqamda biz oxuculara paytaxtımızda təsviri sənət kursları təklif edən məktəblərin siyahısını və qiymətlərini təqdim edirik:
Kurslar | Rəngkarlıq | Memarlıq | Dulusçuluq | Naxış | Dizayn | Tikiş |
“Askerov Art Studio” | 50-100 | 50-100 | ___ | 50-100 | ___ | ___ |
“Sedet Art Studio” | 50-100 | ___ | ___ | ___ | 50-100 | ___ |
“Art Studio By Bandurina” | 60 | ___ | ___ | ___ | ___ | 60 |
“Art Studio Karvan” | 80 | 80 | ___ | ___ | 80 | ___ |
“Art Room Baku” | 80 | 50 | 80 | ___ | 80 | ___ |
“XXI Əsr Art Studio” | 70-100 | ___ | ___ | ___ | ___ | ___ |
Bakucity.az aydınlaşdırdı ki, belə kurslarda ən müxtəlif qiymətlərə görə, demək olar ki, sənətin bütün növlərini öyrənmək olar. Qeyd etmək lazımdır ki, bu məktəblərdə əsasən peşəkar rəssamlar dərs deyirlər.
Züleyxa İsmayılova
Bakucity.az