Abşeronda paleolit dövrünə aid yeni abidələr tapıldı - FOTO

Abşeronda paleolit dövrünə aid yeni abidələr tapıldı - FOTO

Aparılmış ilkin rəyə görə, bu tapıntıları paleolitin orta mərhələsinə aid etmək olar.

Bakucity.az xəbər verir ki, Bakının Balaxanı və Məhəmmədi qəsəbələri arasında - Qırməki adlanan sahədə daş dövrünə aid çox sayda alətlərin aşkar olunması Abşeronda qədim məskunlaşma məskəninin olması ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, “Abşeron arxeoloji ekspedisiyası”nın rəhbəri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyev bildirib ki, paleolit dövrünə aid tapıntıların azlığı və bölgədə bu dövrə aid məskənlərin aşkar olunmaması səbəbindən Abşeronda qədim məskunlaşma məsələsinin sübüt edilməsi bu günlərədək mübahisəli olaraq qalırdı:

"2003-cü ildə Yeni Suraxanının qərbində yuxarı paleolit (Qədim daş) dövrünə aid materiallar aşkar edildi. Lakin buradan aşkar edilmiş materialların sayca az olması, sonradan təsərrfüfat və torpaq işlərinin aparılması nəticəsində ərazinin arxeoloji tədqiqatlar üçün yararsız hala düşməsi Abşeronda paleolit dövrü antropogenez probleminin qoyulması üçün kifayət etmirdi".

Ekspedisiya rəhbəri qeyd edib ki, 2018-ci ilin dekabr ayında “Abşeron arxeoloji ekspedisiyası”nın bölgədə apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında - Qırməki adlanan sahədə daş dövrünə aid çox sayda alətlər aşkarlanıb.

İ.Əliyevin bildirdiyinə görə, alətlər böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsi istisna edilmir. Aşkar edilmiş iti uclu qaşov, kəsici alətlər, miniatür əl çapacaqları çaxmaq və andezit daşından hazırlanıb. 

Materialların mütəxəsssilər tərəfindən aparılmış ilkin rəyə görə, bu tapıntıları paleolitin orta mərhələsinə aid etmək olar.

Şöbə müdirinin bildirdiyinə görə, geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolitdə zəngin faunaya malik olmasını göstərib. Son tapıntılar isə paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürüdülməsinə imkan verir:

"Abidədə və ətraf ərazidə arxeoloji kəşfiyyat və tədqiqat işlərinin aralıq verilmədən başlanılmasına böyük ehtiyac var. Şübhəsiz ki, Binəqədi və Balaxanı qəsəbələri arasında olan ərazilərdə, xüsusilə, Binəqədi Qırgölü ətrafındakı ərazilərin daha diqqətlə tədqiq olunması bölgədə bu dövrə aid məskunlaşma probleminin daha dəqiq öyrənilməsinə səbəb olacaq".

Abşeronda paleolit dövrünə aid yeni abidələr tapıldı - FOTO, fotoşəkil-1 Abşeronda paleolit dövrünə aid yeni abidələr tapıldı - FOTO, fotoşəkil-2 Abşeronda paleolit dövrünə aid yeni abidələr tapıldı - FOTO, fotoşəkil-3 Abşeronda paleolit dövrünə aid yeni abidələr tapıldı - FOTO, fotoşəkil-4 Abşeronda paleolit dövrünə aid yeni abidələr tapıldı - FOTO, fotoşəkil-5 Abşeronda paleolit dövrünə aid yeni abidələr tapıldı - FOTO, fotoşəkil-6

Bakucity.az

tapıntılar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər