Bakıda küləyin sürəti saniyədə 40 metrə çatacaq

Bakıda küləyin sürəti saniyədə 40 metrə çatacaq , Javid

Yanvar 17-də Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.

Bakucity.az xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq Xəzər dənizinin akvatoriyasında şiddətli şimal küləyi əsəcək:

“Küləyin maksimal sürətinin saniyədə 35-40 metrə qədər olması proqnozlaşdırılır. Dənizdə dalğanın hündürlüyü 6-8 metr və daha çox ola bilər. Bu da ifrat təhlükəli hidrometroloji hadisə kimi qiymətləndirilir. Bununla bağlı bütün əlaqədar təşkilatlara, qurumlara xəbərdarlıq göndərilib.

Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və Milli Hidrometeorologiya Departamentində Qərargahlar yaradılıb. Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı müvafiq təşkilatlara tövsiyə verilib”.

Umayra Tağıyeva  bildirib ki, şiddətli külək Bakıda və Abşeron yarımadasında da gözlənilir:

“Havanın maksimal sürəti saniyədə 35-38 metrə kimi şiddətlənəcək. Buna görə yaşlıları və azyaşlı uşaqları nəzarətsiz qoymaq olmaz. Kəskin hava şəraiti ölkə ərazisində qarla müşahidə olunacaq. 

Bakıda və Abşeron yarımadasında yanvarın 17-də yağıntılı hava şəraiti gözlənir. Yağıntının sulu qara və arabir qara keçməsi ehtimalı var. Daha çox sulu qar müşahidə olunacaq”, - deyə direktor qeyd edib. (Oxu.az)

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər