"Smoky Eyes" makiyaj texnikası üzrə master-klass keçirilib
Bakucity.az xəbər verir ki, yanvarın 17-də Bakıda "Smoky Eyes" makiyaj texnikası üzrə master-klass keçirilib.
Nəzəriyyə və praktikadan ibarət ikihissəli tədbir "Make Up Academy" və vizajist Aytən Hüseynova tərəfindən təşkil edilib.
Aktiv iştirakçılar tədbirdə model kimi də çıxış edə biliblər. Ustad dərslərinin praktiki hissəsi üçün zəruri avadanlıqlar isə təşkilatçılar tərəfindən təmin olunub.
"Bu ustad dərslərini təşkil edərkən qarşımıza məqsəd qoyduq ki, iştirakçılara makiyajın sirlərini açaq, onlara “Smoky Eyes”in düzgün texnikasını öyrədək. Bununla da göstərmək istəyirik ki, ilk baxışdan çətin və icrası qeyri-mümkün görsənən bu iş əslində çox asandır. Əsas makiyaj etməyin bütün incəliklərini bilməkdir. Üç ildir ki, vizajistlərimizə bu incəlikləri öyrədirik, lakin bütün sahələrdə olduğu kimi, burada da özünüinkişaf vacibdir. Məzunlarımız arasında tez-tez belə konkursları da ona görə keçiririk ki, görək onlar bu sahədə nə dərəcədə uğurludurlar”, - deyə "Make Up Academy"ın rəhbəri Günay Əliyeva Bakucity.az-a bildirib.
"Əslində, "Smoky Eyes" texnikası çətin deyil, sadəcə bütün xırdalıqları bilmək və düzgün tətbiq etmək lazımdır. Əlbəttə ki, biz, bütün yaradıcı insanlar, bir növ öz dövrünün sənətkarlarıdır. Buna görə yaradıcı ideyalara və fikirlərə sahib olmaq çox vacibdir. İnanın, bu, çox kömək edir deyə hazırkı tədbiri ikihissəli təşkil etdik. İlk növbədə dinləmək, sonra isə işləmək – bu texnika öyrənməkdə uğurlu tətbiqdir” - deyə baş vizajist Aytən Quliyeva deyib.
Sonda təşkilatçılar bütün iştirakçıları ziyafətə dəvət edib.