Bakıda kriminal vəziyyət necədir? – ARAŞDIRMA

Bakıda kriminal vəziyyət necədir? – ARAŞDIRMA, Javid

"Cəmiyyətdə güclü maarifləndirmə işləri aparılmalıdır".

Son dövrlər mətbuatda tez-tez ağır cinayətlərlə bağlı xəbərlər yayılır. O cümlədən apteklərə, taksi sürücülərinə qarşı soyğunçuluq halları, zorakılıq xəbərləri öz əksini tapır. Bütün bunlar bir sualın ortaya çıxmasına səbəb olur: Bakıda kriminal hadisələrin sayı artıbmı? Sualın cavabını tapmaq üçün müvafiq qurumlara və mütəxəssisə müraciət etmək qərarına gəldik. Bakucity.az-ın növbəti materialını oxucularımıza təqdim edirik.

Daxili İşlər Nazirliyinin açıqlaması

Bakıdakı kriminalın səviyyəsini öyrənmək üçün əvvəlcə rəsmi quruma, Daxili İşlər Nazirliyinə müraciət etmək qərarına gəldik. Buradan bizə bildirdilər ki, bir neçə gün əvvəl nazirliyin keçirdiyi əməliyyat müşavirəsində bütün hesabatlar, o cümlədən kriminal statistika da öz əksini tapıb. Bizə həmin statistikanı təqdim etdilər. 

Verilən məlumata görə, 2018-ci ildə paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 11.813 cinayəti qeydə alınıb, onların da 88,9%-i az ağır və böyük ictimai təhlükə törətməyənlərdir. 

Rəsmi qurumlar bildirir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə ümumi cinayətlərin sayında 2,5% azalma müşahidə olunub. 

Statistik göstəricilərdə həqiqət əks olunmayıb?

Bakucity.az rəsmi qurumların statistik rəqəmləri ilə tanış olduqdan sonra mütəxəssislə söhbətləşmək qərarına gəldi. Hüquqşunas Ellada Bayramova saytımıza açıqlamasında bildirdi ki, paytaxtda kriminal hadisələrin sayı 2 dəfədən çox artıb, amma bu, statistik rəqəmlərdə öz əksini tapmayıb:

Bakıda kriminal vəziyyət necədir? – ARAŞDIRMA, fotoşəkil-1

“Statistik göstəricilərdə hansı rəqəmlərin yer aldığını bilirəm, amma bu o deməkdir ki, həqiqət gizlədilib. Çünki kriminal hadisələrin sayı əvvəlki illərə nisbətdə ən azı 2 dəfə artıb. Bunu mənim qədər hər kəs, gündəmdən, cəmiyyətdən hali olan hamı bilir. Lakin bilmək azdır, belə hadisələrin qarşısını necə almaq lazımdır deyə düşünməliyik, kriminalın çoxalmasına səbəb olan amillərin kökünü kəsməliyik”.

Hüquqşünasın fikrincə, hər şeydən əvvəl cəmiyyətdə güclü maarifləndirmə işləri aparılmalıdır ki, cinayətkarların sayı azalsın.

“Kriminalın artmasının əsas səbəbləri– ekspert açıqlamasında deyib: işsizlik, təhsilsizlik, bilgisizlik problemləri ilə əlaqədardır. İşi, məşğuliyyəti olmayan insanların həyatında yaranan boşluq onlara pis  təsir göstərir. Əqli, düşüncəsi, psixologiyası tam formalaşmamış insanlar bu axına düşəndə, cinayət xarakterli müxtəlif əməllərə yol verirlər və belə adamların təxminən yarısı müəyyən zaman ərzində cinayətkara çevrilir. Bu insanların arasında cinayətin daha rahat pul qazanma vasitəsi olduğunu düşünənlər yetişir, çoxalır. Cəzadan yayındıqca isə, onlar artıq pullara alışırlar”.

Bakıda kriminal vəziyyət necədir? – ARAŞDIRMA, fotoşəkil-2

Cinayət xəbərlərləri cinayətləri çoxaldır

Hüquqşunas Hüquqşunas Ellada Bayramova cinayət hallarının çoxalmasına təkan verən daha bir səbəb kimi gündəlik və sensasiyalı  başlıqlarla verilən kriminal xəbərlərin çoxluğunu misal göstərib: 

“Cəmiyyətdə baş verən bəzi məqamlar üzə çıxarılmamalıdır, çünki o hallar bütün cəmiyyətlərdə müşahidə olunur. Bəzi yerli kütləvi informasiya vasitələri isə lazım olan limiti aşmaqla, kriminal halların adiləşməsinə xidmət edirlər. Elə dəhşətli cinayətlər işlənilir ki, onları əhaliyə çatdırmaq olmaz, çünki bunlar insanlarda müəyyən psixoloji problemlər yarada bilər. Alınan xəbəri beyində emal etmə qabiliyyəti hər kəsdə fərqlidir. Yəni, belə xəbərlərin təfsilatlarına kimi çatdırılması həmişə daha tədbirli olmağa gətirib çıxarmır, əksinə, “bunu sən də edə bilərsən” kimi şüuraltına yeridilən zərərli təsirlər yaradır”.

Həbs və cəza proseduru hər zaman işə yarayırmı?

Mütəxəssisin fikrincə, tətbiq olunan həbs və cəza proseduru hər zaman işə yarayır. 

Bakıda kriminal vəziyyət necədir? – ARAŞDIRMA, fotoşəkil-3

“Ağır cinayət hadisələri zamanı – xanım hüquqşunas davam edir; ağır cəza növbəti cinayətin qarşısını almaq üçün yeganə metoddur. Bu başqalarına da psixoloji təsir edir, cinayətkarın tərbiyə olunmasında da rol oynayır. İnsanlar cinayətin cəzası barədə məlumatlı olanda cinayətdən yayınırlar”. 

“Kriminal halların çoxalması kütləvi savadsızlığın, bilgisizliyin də sürətlə artdığını göstərir”, - deyən ekspert sonda kriminalın azalması üçün təhsil sisteminin daha da gücləndirilməsini, təlim-tədris ocaqlarında təbliğat xarakterli tədris metodlarının formalaşdırılmasını, ölkədə daha çox iş yerlərinin açılmasını və hər kəsin özünün görə biləcəyi işlə məşğul olmasının vacibliyini vurğulayıb.

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az 

Araşdırma kriminal
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər