Bakının 8 rayonunda qanun pozuntusu aşkarlandı

Bakının 8 rayonunda qanun pozuntusu aşkarlandı , Javid

Baş prokurorluğa məlumat verilib

Bakucity.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib.  Bu barədə Komitədən məlumat verilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib ki, 2018-ci ildə ümumi sahəsi 2 084 700 kvadrat metr və ya ötən illə müqayisədə 3,3% çox yeni yaşayış evləri tikilib istifadəyə verilib: 

O deyib ki, şəhərlərin dayanıqlı inkişafını və idarə olunmasını təmin edən əsas ərazi planlaşdırılması sənədi baş plandır və bu gün Komitədə baş planların qanunvericiliyin tələblərinə və eyni zamanda aparıcı dünya təcrübəsinə uyğun hazırlanmasına xüsusi diqqət verilir.

"2018-ci ildə Komitə Bakı şəhərinin baş planının hazırlanması işini müasir standartlara əsasən təşkil etmək məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi – "Boston Consulting Group” şirkətini əməkdaşlığa cəlb edib. İki mərhələdən ibarət olan baş planın hazırlanması işinin artıq yekunlaşdırılmış 1-ci mərhələsi nəticəsində Bakı şəhərinin inkişafı konsepsiyası hazırlanıb, inkişaf prioritetlərinin istiqamətləri müəyyənləşdirilib. Bununla yanaşı, birinci mərhələnin nəticələri əsasında beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin seçilməsi üçün müvafiq layihə tapşırığı hazırlanmış və şirkətin müəyyənləşdirilməsi üçün açıq tender elan olunub".

Komitə sədrinin sözlərinə görə, tenderin nəticələrinin 2019-cu ilin mart ayında elan olunaraq, Bakı şəhərinin baş planının hazırlanması işinin 2-ci mərhələsinə başlamaq planlaşdırılır: 

Samir Nuriyev, həmçinin qeyd edib ki, hesabat dövrü ərzində Komitə tərəfindən səyyar və kameral qaydada dövlət şəhərsalma nəzarəti həyata keçirilmiş və aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülüb.

Belə ki, 2018-ci ildə Bakı şəhərinin 8 rayonunun, habelə ölkənin 6 rayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilib, bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan "Göstəriş” tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunub. Eyni zamanda, 21 fakt üzrə pozuntularda cinayət əməlləri olduğundan müvafiq məlumat Baş prokurorluğa təqdim olunub, faktlar üzrə araşdırmalara başlanılıb, bir hissəsi üzrə cinayət işləri açılıb. 

Daha sonra Komitənin Aparatının rəhbəri, Kadr məsələləri şöbəsinin müdiri və Komitənin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutunun direktoru 2018-ci ildə aidiyyəti sahələr üzrə fəaliyyətə dair hesabat məruzələri ilə çıxış ediblər. İclas çərçivəsində, Komitənin kollegiyası tərəfindən ötən illər ərzində təsdiq olunmuş bir sıra layihələndirmə və tikinti normalarında Azərbaycan Respublikasının aidiyyəti qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar zəruri dəyişikliyin edilməsi barədə qərar qəbul edilib.

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər