Bakıda türkmən sərgisi keçiriləcək

Bakıda türkmən sərgisi keçiriləcək, Javid

Türkmənistan zərgərlik məmulatlarının və toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək

Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki qardaş xalq arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi və fəallaşdırılması çərçivəsində, habelə yüksək səviyyədə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi məqsədilə fevralın 15-dən 18-dək Azərbaycan Xalça Muzeyində əl işi olan türkmən xalçalarının, Türkmənistan milli zərgərlik məmulatlarının və toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək. Sərgi Türkmənistan Toxuculuq Sənayesi Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Türkmənistanın Bakıdakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Səfirlikdən verilən məlumata görə, sərgidə təmiz yundan toxunmuş əl işi olan müxtəlif rəngli və müxtəlif naxışlı xovlu xalçalar təqdim ediləcək. Türkmən xalçalarının bənzərsiz gözəlliyi və uzunömürlülüyü onların əsas fərqləndirici xüsusiyyətidir. Türkmənlərin çoxəsrlik tarixə malik olan xalçaçılıq sənəti mükəmməl səviyyəyə çatıb. Türkmən xalçalarındakı naxışlar türkmən xalqının yaranma tarixini, onun fəlsəfəsini və dünya baxışını əks etdirir.

Sərgidə Türkmənistanda istehsal edilən geniş çeşidli toxuculuq məhsulları da nümayiş etdiriləcək. Sərgiyə gələnlər Türkmənistanın yüksəkkeyfiyyətli toxuculuq məhsulları – müxtəlif parça növlərindən yataq dəstləri, trikotaj məmulatları, cins parçadan hazırlanmış məmulatlar, milli keteni, panbarxat və ştapel parça növləri ilə tanış ola biləcəklər. Sərgidə nümayiş etdiriləcək bütün toxuculuq məhsulları Türkmənistanda istehsal edilən pambıqdan və ipəkdən hazırlanıb. Qeyd etmək lazımdır ki, türkmən xalçalarına və toxuculuq məhsullarına dünya bazarında böyük tələbat var.

Sərginin bir ekspozisiyası da türkmən zərgərlərin əl işləri üçün ayrılıb. Zərgərlik məmulatları türkmənlərin milli mədəniyyətinin mühüm tərkib hissəsidir. Xalq sənətkarları tərəfindən hazırlanan nadir bəzək əşyalarının yüzə yaxın növü bütün dünyada məşhurdur. Bu məmulatların səciyyəvi cəhəti ondan ibarətdir ki, simmetrik formalar və hamar naxış xətləri son dərəcə uğurlu şəkildə bir-birini tamamlayır. İnanca görə ta qədimdən insanlara xoşbəxtlik, sağlamlıq və firavanlıq gətirən serdolikdən hazırlanmış qaşlar bu məmulatlara xüsusi kolorit bəxş edir. Bəzək əşyaları kolleksiyasına sancaq, bilərzik, qolbaq, sırğa və üzüklər daxildir. Bu məmulatların hazırlanma üsulları əsrlərboyu təkmilləşdirilir.

Sərgi məkanında məxsusi quraşdırılmış “Ak oy” adlı türkmən alaçığı tədbirə xüsusi milli ab-hava gətirəcək. Sərgi eksponatlarının bir qismi bu alaçığın içərisində nümayiş etdiriləcək.

Bakucity.az

türkmən sərgisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər