Bakıda narkotik şəbəkəsi ifşa olundu

Bakıda narkotik şəbəkəsi ifşa olundu

Şəbəkə narkotikin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olurmuş.

Bakucity.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Narkotiklərlə Mübarizə Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkə ifşa edilib.

DİN-in Mətbuat xidmətindən alınan məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayətləri törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədov saxlanılıb. 

Onun avtomobilinə baxış zamanı 25,324 qram narkotik vasitə heroin, 26 ədəd yüksək psixotrop tərkibə malik metadon həbi, bir ədəd sənədsiz ov tüfəngi, həmçinin yaşadığı evdən  101,686 qram heroin aşkar edilib.

Əlavə tədbirlər nəticəsində M.Məmmədova heroini və psixotrop tərkibli həbləri satanların da şəxsiyyətləri müəyyən edilib.

Belə ki, narkotik vasitələrin satışı ilə məşğul olan dəstənin digər üzvləri, Lənkəran şəhər sakinləri Yalçın Qurbanov və Zamiq Cavadov saxlanılıblar.

Z.Cavadovun üzərində ondan 100,840 qram heroin və 100 ədəd metadon həbi, Y. Qurbanovdan isə 2,985 qram tiryək, idarə etdiyi avtomobildən isə 8 kiloqram qurudulmuş marixuana aşkarlanıb.

Müəyyən edilib ki, dəstə üzvü Y.Qurbanov narkotik vasitələri şəxsiyyəti məlum olmayan İran vətəndaşından aldıqdan sonra onları satmaq üçün Z.Cavadovun vasitəsilə M.Məmmədova hissə-hissə göndərib. M.Məmmədov narkotik vasitələri Bakıda satdıqdan sonra  əldə etdiyi pulu Lənkəran şəhərinə Y.Qurbanova göndərməli imiş.

Faktla bağlı saxlanılan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakucity.az

narkotiklər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər