Azərbaycanda yayılan xəstəlik “Donuz qripi”dirmi?– Açıqlama

Azərbaycanda yayılan xəstəlik “Donuz qripi”dirmi?– Açıqlama, Javid

Azərbaycanda 16 nəfərin A/H1N1 virusuna yoluxduğu təsdiqləndi.

Bakucity.az xəbər verir ki, Ümümdünya Səhiyyə Təşkilatı və Səhiyyə Nazirliyi bu gün 09:30-da BMT-nin Bakı ofisində ölkədə təhlükəli qripin yayılması ilə bağlı məlumatlara aydınlıq gətirmək üçün mətbuat konfransı keçirib. 

Ümümdünya Səhiyyə Təşkilatı ilə Səhiyyə Nazirliyinin birgə təşkil etdiyi konfransda ÜST-nin Azərbaycandakı nümayəndəsi Pr. Dr. Hande Harmancı və Səhiyyə Nazirliyinin baş epidemoloqu İbadulla Ağayev jurnalistlərin suallarını cavablandırıblar. 

Azərbaycanda “Donuz qripi” təhlükəsi varmı?

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi H.Harmancı Azərbaycanda yayılan qripin “donuz qripi” ilə heç bir əlaqəsinin olmadığını bildirib:

“Donuz qripi donuzlarda, quş qripi quşlarda, insan qripi isə insanlarda olur, bunu hər kəs bilməlidir. Düzdür, Azərbaycanda  A/H1N1 virusunda yoluxan 16 nəfər aşkarlanıb, amma onların vəziyyəti yaxşıdır, bu halın kütləviləşəcəyi gözlənilmir.  Hər il olduğu kimi bu da adi mövsüm qripidir. ÜST-nin bütün ölkələrdə qrip viruslarına nəzarət edən qlobal nəzarət sistemi (GISRS) var. Ölkələrdə olan laboratoriyalar, həmçinin Azərbaycan viruslara aid məlumatları həmin sistemə daxil edirlər”. 

H.Harmancı qeyd edib ki, istənilən şəxs bu sistemə daxil olub məlumat əldə edə bilər və özü də görər ki, "Donuz qripi"ylə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Xoşbəxtlikdən bu çox güclü virus deyil və normal qrip mövsümündə baş verən ölüm hallarından daha çoxuna səbəb olmayıb. O, 2009-cu ildən bu yana 10 il ərzində digər virus H3N2 ilə birlikdə mövsümi qripə səbəb olan virusdur”. 

Gürcüstanda yayılan xəstəlik mövsüm qripidir

H.Harmancı Gürcüstanda “donuz qripi”nin yayılması xəbərlərinə də aydınlıq gətirib:

“Gürcüstanda qrip ilə bağlı hal normal mövsüm halıdır, çünki qrip A (H1N1) pdm 09 geniş yayılmış virusdur və dünyanın hər yerində var, sadəcə Gürcüstandakı virusun adı şişirdilərək “donuz qripi” edilib, bu adda heç bir virus yoxdur. Qrip A və B qrip virusları ilə törədilən respirator xəstəlikdir. A qripi virusları asanlıqla dövr edir və bəzən ördək, toyuq, donuz, at, balina və su iti kimi heyvanlar arasında ölümcül xəstəliyə səbəb olur. Bir növdən olan virus bəzən başqa növlərə (məsələn, quşlardan insana, insandan donuzlara) yoluxa bilər. Əgər heç vaxt insanları yoluxdurmayan bir qrip virusu əhalidə davamlı xəstəlik zəncirinə səbəb olarsa, yeni bir pandemiya başlaya bilər”.

Azərbaycanda 16 nəfərin A/H1N1 virusuna yoluxduğu təsdiqləndi

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev ölkədə pandemiya və epidemiya təhlükəsinin olmadığını vurğulayıb:

"İstənilən virus yalnız kütləvi şəkildə yayıldığı zaman pandemiya və ya epidemiya təhlükəsi baş verir,  Azərbaycanda isə bu gün üçün heç bir təhlükəli məqam yoxdur. "Donuz qripi"nin aşkarlandığı iddia olunan 16 nəfərdə A/H1N1 Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyası, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən təsdiqlənib, amma bu, "donuz qripi" deyil, mövsümi qripdir və bu xəstələrin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər".

Həmçinin İ.Ağayev bütün media nümayəndələrindən Səhiyyə Nazirliyinin qrip virusları ilə bağlı verdiyi məlumatları əhaliyə olduğu kimi çatırmağı xahiş edib.

Konfransda virusdan qorunmağın yolları da müzakirə olundu

Pr.Dr. Hande Harmancı qeyd edib ki, qripdən ən yaxşı müdafiə yüksək risk altında hesab edilən qruplar arasında peyvəndin aparılmasıdır:

“Bu virusdan qorunmaq üçün ilk olaraq 65 yaşından yuxarı olan insanlar, 5 yaşından aşağı olan uşaqlar, hamilə qadınlar, xroniki xəstəlikləri olan şəxslər və səhiyyə işçiləri arasında peyvəndləmə aparılmalıdır. Fərdi qoruyucu tədbirləri də qripdən qorunmaq və ya qripin qarşısını almaq üçün çox vacibdir. İnsanlar tez-tez əllərini sabunla yumalı, öskürən və ya asqıran zaman ağızlarını dəsmalla örtməli, xəstə insanlarla sıx əlaqədə olmamalı, göz, burun və ya ağıza toxunmaqdan qorunmalıdırlar”. 

İbadulla Ağayev öz növbəsində bu virusdan qorunmağın əsas yolu kimi, insanların xəstə halda iş yerlərinə getməmələrini, sağalana qədər işləməməyi tövsiyyə edib

Ramilə Qardaşxanqızı

Bakucity.az

Donuz qripi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər