"Gənclərə dəstək" layihəsi çərçivəsində konsert keçirilib.
Bakucity.az xəbər verir ki, fevralın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən gənc bəstəkarlar üçün təşkil edilmiş "Gəncliyə töhfə" adlı festivalın yekun konserti olub.
Festivalın rəsmi açılışı fevralın 1-də Filarmoniyada keçirilib. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında gənc bəstəkarların əsərləri Vyana Konservatoriyasının məzunu, istedadlı dirijor Mustafa Mehmandarov tərəfindən səsləndirilib.
Fevralın 2-də festivalın növbəti konsertində S.Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında gənc bəstəkarların əsərləri səsləndirilib.
Konsert dinləyicilərin alqışları ilə sona çatıb.