Şənbə günü üçün gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3 dərəcəyə yaxın isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 3 dərəcəyə yaxın isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.
Nazirlik xəbərdarlıq edir ki, fevralın 8-i axşamdan 12-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
Bakucity.az