Bakıda könüllülər proqramının müsahibə mərhələsinə start verildi

Bakıda könüllülər proqramının müsahibə mərhələsinə start verildi

Müsahibə mərhələsi fevralın 9-dan martın 9-dək davam edəcək.

Bakucity.az xəbər verir ki, UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramında müsahibə mərhələsinə start verilib. Müsahibə mərhələsi fevralın 9-dan martın 9-dək, Bakı Olimpiya Stadionunun məlumat mərkəzində keçiriləcək.

Müsahibədə namizədin dil bilikləri, könüllü kimi əvvəlki tədbirlərdə təcrübəsi, final oyununda işləmək məqsədi, tədbirə verə biləcəyi töhfələr və digər şəxsi bacarıqları əsas götürüləcək.

Seçilmiş namizədlər üçün təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və s. kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Müsahibədən keçən könüllülər üçün ümumi təlimlərə aprelin 1-də start veriləcək.

Mayın 1-dən etibarən isə sahələr üzrə - UEFA, beynəlxalq və yerli təlimçilər tərəfindən təlimlər təşkil olunacaq. Təlimlər əsasən 3 fərqli sahəni əhatə edəcək:

1) Ümumi Təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar);

2) Rol təlimi (vəzifə barədə təlim) və Məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olacaq.

3) Könüllülər təlimlərdən faydalanaraq nəzəri biliklər qazanacaq və tədbir zamanı həmin bilikləri praktiki işdə tətbiq etmə imkanı əldə edərək uğurlu gələcək üçün dəyərli təcrübə sahibi olacaqlar.

Xatırladaq ki, dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3000-dən çox könüllü qeydiyyatdan keçib. Müsahibə mərhələsinə dəvət olunan könüllülərdən isə yalnız 1364 namizəd proqrama qoşulmaq şansı əldə edəcək.

Bakucity.az

Könüllülər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər